İranın pilotsuz bombardmançı uzaq radiuslu təyyarələri öz cəbbəxanasına daxil etməsindən və itisürətli raket-torpedolu katerlərin kütləvi istehsalına başlamasından ABŞ ciddi rahatsız olduğunu bəyan edib. Dövlət departamentinin sözçüsü Filipp Krouli deyib: "Bu fakt İranın qonşuları kimi, bizi də ehtiyatlı olmağa səsləyir".
Krouli qeyd edib ki, hər bir dövlət suverendir və müdafiə qabiliyyətini gücləndirmək haqqına sahibdir: "Ancaq başqa bir yöndən biz diqqəti ayrılıqda həmin dövlətlərin bölgənin və ya dünyanın sabitliyinə potensial təhlükə olduğuna da yönəldirik". Sözçü deyib ki, İranın imkanları qarşılığında ABŞ da bölgə dövlətləri ilə hərbi sahədə əməkdaşlığı artırıb: "Biz əminik ki, İran bu ruhda silahlanarsa, o zaman ən az qorunan İslam Respublikasının təhlükəsizliyi olacaq".
Təsadüfi deyil ki, bu gün ərəb dövlətlərinin çoxu Birləşmiş Ştatlar başda olmaqla Qərb dövlətləri ilə aşkar şəkildə müttəfiqlik edir. Hətta atom-nüvə proqramına görə İrana tətbiq edilən sanksiyaya ərəb ölkələrindən də qoşulanlar var.
"Nyusvik" dərgisinə istinadən bildirilir ki, ABŞ Səudiyyə Ərəbistanına "F-15" hərbi təyyarələri satıb. Jurnalın yazdığına görə, səudilərə satılacaq 84 ədəd "F-15"dən rəsmi Təl-Əviv rahatsız olmadığını bildirib. Dərginin qənaətincə, Amerika, İsrail və Səudiyyə Ərəbistanı öz aralarında İranı özlərinə strateji təhlükə gördüklərindən İslam Respublikasına qarşı yeni bir koalisiya yaradılır.
Bəlli olduğu kimi, ötən həftə İran "Kərrar" adlı pilotsuz bombardmançı təyyarəni silahlı qüvvələrə daxil etdiyini, "Zülfüqar" və "Sirac-1" adlı yeni raket-torpedo katerlərinin kütləvi istehsalına başladığını elan etmişdir. Bundan başqa, İran KİV-in hakimiyyətdəkilərə istinadən yaydığı xəbərlərə əsasən, yaxın günlərdə Tehran özünün istehsal etdiyi "S-300" zenit-raket qurğusunu və s. iri hərbi layihələri gerçəkləşdirəcəyini bildirib.
İranın müdafiə naziri Əhməd Vahidi ölkəsinin hərbi-sənaye nailiyyətlərindən danışarkən, 130 mm-lik artilleriya mərmisinin istehsalına başlandığını deyib. Onun sözlərinə görə, bu mərmi ilə rəqibin 42 km-lik məsafədə yerləşən hədəfini "məhv etmək mümkün olacaq". Nazir qeyd edib ki, bu mərmilər "ballistik raketlər kimidir". İran rəsmisinin qənaətincə, ölkəsinin hərbi sənaye kompleksi İran ordusunu tam təchiz etməyə qadirdir, "bu, beynəlxalq sanksiyanın bütövlükdə uğursuzluğu deməkdir".
İranın indiki durumundan bir sıra ölkələrin silah-sursat dəllallarının faydalanacağı təbiidir. Qanunsuz alver qızışa bilər. Üzə çıxan faktlar da var. Məsələn, ötən həftə ABŞ-ın Florida ştatında, Mayami məhkəməsində İrana qanunsuz silah satmaqda ittiham olunan tayvanlı işadamı Yi Lan Çenin məhkəmə prosesi başlayıb. Çen bu ilin mayında Tehranla bu sahədə ticari əməliyyat aparmaqla İrana tətbiq edilən sanksiyanı pozmaqda ittiham olunur. Çen bu əməlini etiraf edib. ABŞ hökuməti isə onun başçılıq etdiyi şirkətin "Gonq Konq" və "Tayvan" adı altında İrana mallar göndərdiyini bildirir. Məhkəmə onu 20 illik müddətə azadlıqdan məhrum edə, 1 milyon dollar cəriməyə məruz qoya bilər.
İranın sürətlə silahlanması ölkə iqtisadiyyatının tezliklə çökəcəyini ehtimal etməyə əsas verir. Bununla bağlı "yeni velosiped" icad etməyə ehtiyac yoxdur. Keçmiş SSRİ-nin başçılıq etdiyi Varşava Müqaviləsi NATO-ya qarşı hərbi blok sayılırdı. O vaxt Moskva şərq blokunun bütün maliyyə xərclərini az qala təkbaşına ödəyirdi. Bu isə sovet iqtisadiyyatında böhrana səbəb oldu. Yaranmasının 20 illiyini müharibə, 30 və 40 illiyini aclıqla qarşıladı. 60 illik yubileyində isə "Ərzaq proqramı"nı qəbul etdi...
|