Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatı bu il noyabrın 7-də Azərbaycan Respublikası Parlamentinə seçkilərlə eyni vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkiləri boykot etməyə hazırlaşır. Bu barədə "www.nakhchivan.org.az" saytına Müsavat Partiyasının yerli təşkilatının rəhbəri Meydan Babayev məlumat verib.
Onun sözlərinə görə, belə addım atmalarının səbəbi Naxçıvanda seçkiöncəsi mühitin gərginliyi, seçki dairələrinin və məntəqələrinin yerli hakimiyyətin nəzarətində olması, eləcə də partiya nümayəndələrinin hədələrə məruz qalmalarıdır.
"Naxçıvanda siyasi rəqabət aparmaq üçün heç bir şərait yoxdur. Muxtar Respublika Mərkəzi Seçki Komissiyasının üzvlərindən tutmuş dairə və məntəqələrin hamısı icra orqanlarının nəzarətindədir", - deyə qeyd edən Meydan Babayev onu da bildirib ki, partiya üzvləri ilə danışıqlar aparılıb və onların heç biri Ali Məclisə namizədliklərini irəli sürmək istəmirlər.
"Bunun səbəblərindən biri seçkiqabağı mühitin gərginliyi və dözülməzliyidirsə, digər səbəblərdən biri də namizəd olmaq istəyənlərin özlərinin və ailə üzvlərinin həyatlarının təhlükədə olmasıdır. Naxçıvan müsavatçılarına qarşı 2005-ci il seçkilərində fiziki təzyiqlər də daxil olmaqla, hər cür zorakılıqlardan istifadə olunub. Bu barədə yekun qərar bir həftə sonra Müsavat Partiyasının mərkəzi qərərgahında keçiriləcək toplantıda çıxarılacaq", - deyə Meydan Babayev bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər hər beş ildən bir Azərbaycan Parlamentinə seçkilərlə eyni vaxtda keçirilir. Muxtar Respublika üzrə Ali Məclisə 45 dairədən 45 deputat seçilir.
|