ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Bakıya sentyabrın 6-da gələcəklər. Bu barədə APA-ya fransalı həmsədr Bernar Fasie məlumat verib: "Yekun iş planımız hələ hazır deyil. Yalnız onu deyə bilərəm ki, Bakıya bazar ertəsi gələcək, sentyabrın 7-də isə rəsmi şəxslərlə görüşlər keçirəcəyik".
Xatırladaq ki, həmsədrlər regiona səfər çərçivəsində İrəvan və Xankəndiyə də getməyi planlaşdırırlar. Səfərin məqsədi ATƏT-in Minsk Qrupunun fakt-araşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdırmaqdır. Ermənistan Xarici İşlər Nazirliyi isə həmsədrlərin sentyabrın 8-də Xankəndinə, 9-da isə İrəvana səfər edəcəyi barədə məlumat yayıb.
|