Parlament seçkilərinə iki ay qalmış ədalətli siyasi rəqabət mühiti formalaşdırıla bilməz. Buna görə seçkilərin düzgün keçirilməsi üçün hər cür şərait yaradılacağı təminatı ilə hakimiyyət yalnız özünü ifşa edir. Bu fikri "Obyektiv" TV onlayn televiziyasına müsahibədə "Respublikaçı Alternativ" (RE AL) ictimai hərəkatının həmtəsisçisi, politoloq İlqar Məmmədov bildirib.
"Azad və ədalətli seçkilər üçün siyasi mühit illərlə formalaşır. Bu mühit hələ 5 il əvvəl İlham Əliyev tərəfindən, 15 il əvvəl Heydər Əliyev tərəfindən yaradılmalı idi", - deyə Məmmədov bildirib. Onun fikrincə, qarşıda duran seçkilər "sərt siyasi iqlim" şəraitində keçiriləcək.
"Biz buna hazırıq və kəskin şəraitdə mübarizə aparacağıq", - deyə Məmmədov qeyd edib.
Bu zaman o vurğulayıb ki, RE AL bir il əvvəl Azərbaycanda Respublika quruluşunun təhlükə altında olması ilə əlaqədar yaradılıb. "Ölkədə demokratik respublika təsisatları zəifləyib və biz hərəkatımızı onların müdafiəsi üçün yaratmışıq", - deyə Məmmədov bildirib.
Onun fikrincə, Azərbaycan get-gedə daha çox orta əsr monarxiyası modelinə doğru yuvarlanır. Ölkədə bu modelin bütün atributları - ayrı-ayrı sahələri monarxın yaxınlarına bağışlanmış inhisarçı iqtisadiyyat göz önündədir.
"Ölkə neft gəlirləri ən yüksək həddinə çatıb və bu hələ müəyyən bir müddət davam edəcək. Başa düşürük ki, neft gəlirləri yüksək, vətəndaş cəmiyyəti zəif olduğu halda əhalini azadlıq və demokratiya uğrunda mübarizəyə səfərbər etmək çətindir. Lakin biz demokratik respublika dəyərlərinin bərqərar olması uğrunda hərəkata məhz indi başlamağı öz vətəndaşlıq borcumuz bilirik", - deyə o bildirib.
Qeyd edək ki, "RE AL" seçkilərə bir neçə namizədlə gedir. Yaxın günlərdə onların hansı dairələrdən irəli sürüləcəyi elan ediləcək. İlqar Məmmədovun özü Binəqədi rayon 9 saylı ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürür.
Məmmədovun sözlərinə görə, bir sıra müxalif siyasətçilər, xüsusən Əli Kərimli, Eldar Namazov, İlyas İsmayılov və digər məşhur şəxslər "RE AL" namizədlərini dəstəkləyəcəklərini vəd ediblər.
|