Gələn həftə Bakıda "Mina aksiyaları üzrə təlimin qiymətləndirilməsi"nə dair beynəlxalq təlim-seminar keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən xəbər verilir.
Sentyabrın 6-dan 10-dək davam edəcək təlim-seminar ANAMA, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) və Qiymətləndirmə Təliminin İnkişafı Beynəlxalq Proqramınin (İPDET) təşkilatçılığı ilə təşkil olunacaq.
Təlimdə Əfqanıstan, Tacikistan, Gürcüstan, İordaniya, Yeni Zelandiya və Azərbaycanın minatəmizləmə üzrə mərkəzlərinin nümayəndələri iştirak edəcək.
Yeri gəlmişkən, cari ilin avqust ayında Azərbaycanda 2 793 762 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan verilən məlumata görə, əməliyyatlar zamanı 3 236 PHS, 12 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.
ANAMA tərəfindən indiyədək ümumilikdə 141 256 267 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 625 200 olub.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Ağstafa, Qazax, Gədəbəy, Göygöl, Tərtər, Füzuli və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılıb. ANAMA və Türkiyənin "Nokta" şirkəti tərəfindən isə Türkiyə-Suriya sərhədinin Qaziantep şəhəri yaxınlığında həyata keçirilən minatəmizləmə əməliyyatları davam etdirilib. Bu ərazidən 1000 ədəd piyada və tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
|