Gürcüstan parlamentinin konstitusiya komissiyasının üzvləri milli azlıqların nümayəndələri ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü konstitusiya komissiyasının sədr müavini Tenqiz Şermazaşvili açaraq milli azlıq nümayəndələri ilə görüşün məqsədini açıqlayıb. Qeyd olunub ki, konstitusiyanın yeni redaksiyada ümumxalq müzakirəsi nəticəsində qəbul olunmasında milli azlıqlar zəif iştirak edirlər. "Biz milli azlıqların yalnız sözlərini dinləyirik. Bizə yazılı şəkildə müraciət edən çox azdır".
Tədbirdə qeyd olunub ki, müxalifət partiyaları da konstitusiyada gedən dəyişikliklərə münasibət bildirmirlər. Tenqiz Şermazaşvili bildirib ki, müxalifət yalnız tənqid etməyi bacarır.
"Biz istəyirik ki, bütün Gürcüstan konstitusiyamızın dəyişdirilməsində yaxından iştirak etsin. Təəssüf ki, biz hələlik buna nail ola bilmirik."
Görüşdə parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Akaki Minaşvili və parlamentin Avropaya inteqrasiya komitəsinin sədri David Darçiaşvili çıxış ediblər. Sonra görüş diskussiya şəkilində davam etdirilib. Konstitusiya komissiyasının üzvləri milli azlıqların təklif və rəylərini, suallarını dinləyərək, onlara müvafiq cavablar veriblər.
Parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Akaki Minaşvili APA-ya açıqlamasında bildirib ki, milli azlıqların konstitusiya dəyişikliklərində iştirakı böyük məna kəsb edir. "Biz layihəni qəbul edərkən onların təklif və rəylərini, səmərəli fikirlərini nəzərə alacağıq".
Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri David Darçiaşvili APA-ya açıqlamasında Gürcüstan konstitusiyasının Avropa konstitusiyasından fərqlənəcəyini bildirib.
"Biz belə görüşləri iyulun sonundan başlamışıq. Bizim yerlərdə də görüşlərimiz olub. Ən başlıca görüşlərimiz isə Tbilisidə olur. Bu proseslər hələ davam edəcək. Sonra parlament komitəsi səviyyəsində müzakirə olunacaq. Ona qədər milli azlıqlar və kim istəsə, müzakirələrə qatıla bilər. Ən əsası odur ki, biz onların səmərəli təkliflərini eşidə bilirik. Sonra plenar iclas olacaq. Fikirimcə, oktyabr ayında üç oxunuşda səsvermə aparılacaq. Yeni layihə alman və Polşa modelinə oxşayır. Lakin Gürcüstan cəmiyyətini nə düşündürürsə, bu layihədə əks olunmalıdır. Layihədə eyni zamanda beynəlxalq normalar da nəzərə alınmalıdır."
Milli azlıqlarının nümayəndələrindən biri, hüquqşünas Fərhad Musayev APA-ya deyib ki, Gürcüstan konstitusiyası dünyanın ən yaxşı demokratik konstitusiyalarından biridir.
"Gürcüstan artıq demokratiya inkişafı yoluna qədəm qoyub. Burada din azadlığı, təhsil azadlığı var və insan hüquqları qorunur. Artıq milli azlıqların hüquqları müdafiə olunmağa başlayıb. Lakin o, Avropa modelindən fərqlənir. Hakimiyyət bir adamın əlindədir və onun rəhbərliyi ilə fəaliyyət göstərir. Bununla əlaqədar olaraq Gürcüstan prezidentinin və ictimaiyyətin təşəbbüsü ilə hakimiyyət üç struktur arasında bölünüb. Baş nazirin funksiyaları çoxaldılıb. O, öz nazirlərini azad edə bilər və eyni zamanda təyinat verə bilər. Konstitusiyaya görə, hakimiyyət prezident, baş nazir və parlament arasında fəaliyyət göstərəcək. Burada əsas məna odur ki, Gürcüstan cəmiyyəti daha çox demokratik olacaq.
|