Bu günlərdə doğum gününü qeyd edən Azərbaycanın və Dağıstanın xalq artisti, "Türk dünyasının sənət kraliçası" İlhamə xanımın ad günü ilə bağlı bir sıra KİV-də "Primadonnanın yalanları ad günündə üzə çıxdı" başlıqlı yazı dərc olunub. Məqalədə qeyd olunur ki, İlhamə xanımın ad günü anons edildiyindən fərqli keçib. Belə ki, xalq artistinin ad günündə yaxın qohumu olan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadədən başqa heç bir yüksək çinli məmur, siyasətçi və ziyalı iştirak etməyib. Bu sözləri "Ayna" qəzetinə müğənninin mətbuat katibi bildirib. O qeyd edib ki, İlhamə xanım heç bir jurnalistə doğum günü haqda, ad günündə hansı kutyurdan libas geyinəcəyi barədə danışmayıb:
"Ad günündə ən yaxınları, ailə üzvləri iştirak edib. İlhamə xanımın məclisi Milli Məclis deyil ki, ora deputatlar və ya hansısa məmurlar dəvət olunsun. Kimi istəyib, həmin şəxsləri də dəvət edib. Bir də İlhamə xanım vəzifəli şəxslərlə özünə piar etməyə ehtiyac duymur. Vaxtilə ümummilli lider Heydər Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə "neftin atası" deyib. Xoşbəxt müəllim İlhamə xanımın yaxın qohumudur və onun orada iştirak etməsi İlhamə xanım üçün yetərlidir. Məclisdə Xoşbəxt müəllim xanımı ilə bərabər ailənin ağsaqqalı kimi iştirak edib. İnşallah, yubileyində İlhamə xanım ölkənin bütün məşhur simalarını dəvət edəcək".
Mətbuat katibi qeyd edib ki, İlhamə xanım indiyə qədər doğum günlərində heç bir televiziya kanalının iştirakını istəməyib:
"Bu daha sonra da belə olacaq. İlhamə xanım istəsə, öz doğum gününə yüzlərlə insan dəvət edə bilər, amma müğənni hər zaman seçim edir. Bu doğum günündə bir-iki televiziya kanalı iştirak edib. İlhamə xanımın doğum günü o qədər yüksək səviyyədə keçib ki, Dövlət Televiziyası səhər saat 8-dən axşama kimi onun haqqında xüsusi verilişlər hazırlayıb, onlarla kliplərini nümayiş etdirib. "Xəzər" televiziyası ad günü ilə bağlı veriliş nümayiş etdirib. "Azad Azərbaycan" kanalı süjet hazırlayıb, nümayiş etdirib. Bütün radio kanalları İlhamə xanımın doğum gününü təbrik ediblər".
|