![]() |
çap et |
|
|||
Paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbə bələdiyyəsinin keçmiş sədrinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın xəbərinə görə, işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılacaq. Artıq məhkəmə baxışı keçirilib və keçmiş bələdiyyə sədri Cavanşir Məmmədov ifadə verib. Keçmiş bələdiyyə sədri ittiham üzrə özünü təqsirli bilərək, epizodlar üzrə danışıb. Daha sonra proses zərərçəkənlərin ifadələri ilə davam etdirilmişdir.
İttihama görə, Cavanşir Məmmədov qəsəbə bələdiyyə sədri vəzifəsində olarkən qanunsuz olaraq bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi haqqında qərarlar qəbul edib. Halbuki onun belə qərarlar qəbul etməyə səlahiyyəti yox idi. Özü də bu qərarlar həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına verilib. Söhbət 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair qərarların qəbulundan gedir. Keçmiş bələdiyyə sədri CM 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxsin bu ilin fevralında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən istintaqa cəlb edildiyi xəbər verilir. Qeyd edək ki, seçkili orqan olan bələdiyyənin üzvlərinin torpaq alveri ilə məşğul olduqları, rüşvətlə iş gördükləri, korrupsiyaya bulaşdıqlarına dair bu birinci məhkəmə işi deyildir. Hər il bu məzmunda nə qədər adam məsuliyyətə cəlb olunur. Balaxanı bələdiyyəsi ilə bağlı bu rüsvayçı hadisənin mahiyyətinə bu ay işıq salınacağını gözləyirik. Prosesin sentyabrın 7-də davam etdiriləcəyi bildirilmişdir. |