Bu günlərdə Avropada bir futbol həyəcanı yaşanır. Qitə yığma komandaları 2012-ci il Avropa çempionatının finalına düşmək uğrunda çətin mübarizəyə başlayırlar. Bu yarışda iştirak edən komandamız iki gündən sonra ilk sınağa çəkiləcək. İlk rəqib Almaniyadır. Qarşıdakı oyunla bağlı mütəxəssis rəyi hamını maraqlandırır. İllah da, bu rəy alman mütəxəssisin dilindən eşidilirsə. "azerisrort.com" saytı "Bakı" klubunun almaniyalı baş məşqçisi Vinfrid Şeferin qarşıdakı oyunla bağlı fikirlərini öyrənib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.
- Almaniya - Azərbaycan matçına bir neçə gün qalıb. Azərbaycan komandasının şansını necə qiymətləndirirsiz?
- Şansı dəyərləndirməzdən əvvəl nəzərə alın ki, Azərbaycan Avropanın ən güclü komandalarından birinə qarşı oynayacaq. Almaniya komandası çox güclüdür və istəyinə tez, həm də səssis-küysüz çatmağa çalışacaq. Amma Azərbaycan futbolçuları buqdestimə problem yarada bilər. Çünki komandanızda Vaqif Cavadov və Rauf Əliyev kimi hücumçular var. Mən Azərbaycan yığmasından layiqli oyun gözləyirəm.
- Hücumçularımıza güvənməyiniz yaxşı haldır. Bəs bizim müdafiə xəttimiz Miroslav Kloze, Tomas Müller, Bastian Şvaynştayger kimi usta futbolçular qarşısında duruş gətirə biləcəkmi?
- Bu oyunçuların ustalığının sirri komanda oyunu göstərməsi ilə izah olunmalıdır. Əgər Azərbaycan bir neçə düşünülmüş mexanizm tətbiq edə bilsə, almanlar üçün problem yarada bilər. Sadəcə, ağılla oynamaq və maksimum diqqətli olmaq lazımdır. Almaniya futbolçuları sizə yuxarıdan aşağı baxacaq, amma təşvişə düşmək lazım deyil.
- Amma Almaniya elə komandalardan deyil ki, onunla oyunda sensasiyaya ümid edəsən.
- Bəs siz istəyirsiz ki, Azərbaycan elə həmişə Lixtenşteyn kimi zəif komandalara qalib gəlsin? Almaniya, İspaniya və İtaliya kimi komandalarla nə qədər çox oynasanız, bir o qədər təcrübə qazanarsız.
- Vətəninizdən sizinlə əlaqə saxlayıblarmı?
- Sonuncu dəfə "Kicker"dən zəng vurmuşdular. Azərbaycanda futbolun vəziyyəti haqqında soruşdular. Mən də onlara dedim ki, Azərbaycanda idman inkişafdadır. Çempionatda Toni Adams kimi mütəxəssis çalışır, klublarda komanda üçün yaxşı şərait yaradılır.
- Komandanıza yenicə götürdüyünüz Vaqif Cavadov haqqında fikrinizi bilmək maraqlıdır. İndi onun formada olmaması sizi narahat edirmi?
- Vaqif haqqında Foqtsla danışmışam. Berti onun haqqında çox yüksək fikirdədir. Sadəcə, indi Vaqifdə oyun təcrübəsi çatmır.
|