Yenicə yay məzuniyyətindən qayıdan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü Mədəniyyət və Turizm Nazirliyinin planlarına uyğun olaraq yeni layihələrlə zənginləşdirəcək. Nazirliyin mətbuat xidmətindən deyildiyinə görə, bu layihələrə xaricdən dəvət olunan rejissorlar, yeni tamaşalar və teatrın 100 illik yubileyi daxildir. Xəbərdə qeyd olunur ki, başqa bir yenilik də tamaşaçıların ürəyincə olacaq. Yeni mövsümdə A.Saqarelinin "Xanuma" əsəri iki dildə Azərbaycan və rus bölməsində tamaşaya qoyulacaq. Tamaşaya Tbilisi Rustaveli Teatrının rejissoru Qoça Kapanadze quruluş verəcək. O, Gürcüstanın tanınmış rejissorları sırasına daxildir. Bu tamaşada əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə, Səmayə Musayeva, Elçin Həmidov, Boris Qrafkin, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Əzizağa Əzizov, Ramil Qasımov, Nahidə Orucova, Svetlana Bulax, Marina Litvenenko, Əliməmməd Novruzov çıxış edəcəklər. Quruluşçu rəssam Lomqul Muruzidze, geyim üzrə rəssamlar Ketevan Titişvili və Tamuna Macaraşvili də Gürcüstanın teatr aləmində yaxşı tanınan isimlərdir.
Yeri gəlmişkən, sentyabrın 19-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü açıq elan edir. Xəbərin davamında bildirilir ki, sentyabrın 18-də - Milli Musiqi Günü və dahi Üzeyir Hacıbəyovun doğum günü münasibəti ilə bəstəkarın "Arşın mal alan" əsəri nümayiş olunacaq. Mövsüm bu tamaşa ilə açılacaq. Qeyd edək ki, tamaşanın rejissoru Elvin Mirzəyevdir. Rollarda Anar Şuşalı, Nərgiz Kərimova, Əzizağa Əzizov, Xanım Qafarova, Əkbər Əlizadə və başqaları çıxış edir. Xatırladaq ki, Musiqili Komediya Teatrında "Arşın mal alan"a ilk dəfə Şəmsi Bədəlbəyli quruluş verib. Elvin Mirzəyev isə 2008-ci ildə yeni quruluşda səhnələşdirib.
|