Artım inflyasiyanı güclə kompensasiya edir
 |
Amma minimum əməkhaqqı və pensiyalar daha çox artırıla bilərdi...
Şənbə, 04.09.2010
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Dövlət başçısının sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği bu il 1 sentyabrdan 85 manat, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edildi. Minimum əməkhaqqı məbləğində artım 600 mindən çox adamın əməkhaqqına təsir edir. Artırılmış məbləğ qaneedicidirmi? Bu sual mübahisə doğurur.
Müqayisə üçün: sonuncu artımdan əvvəl Azərbaycan minimum əməkhaqqı məbləğinə görə keçmiş sovet respublikaları arasında 7-ci, MDB-yə daxil olan ölkələr arasında isə Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü sırada yer alırdı. Keçmiş sovet respublikaları arasında minimum əməkhaqqının ən yüksək olduğu ölkə Estoniyadır. Bu ölkədə 356 dollardan aşağı əməkhaqqı alan yoxdur. MDB ölkələri içərisində ilk sırada Rusiya gəlir. Rusiyada minimum əməkhaqqı 131 dollara bərabərdir. Siyahının sonuncu pilləsində Gürcüstan yer alır. Bu ölkədə əməkhaqqının ən aşağı həddi 10,5 dollardır.
Ehtiyatlı mövqe
Xatırladaq ki, Azərbaycanda son dəfə minimum əməkhaqqı 2008-ci il avqustun 25-də artıb. Faktik olaraq Azərbaycanda iki ildə pensiyaların və məvaciblərin minimum hissəsi artmayıb. 2008-ci ildə minimum aylıq əməkhaqqı 25 faiz artırılmışdı. Bu il isə 13 faiz artırıldı. Bu da ən yaxşı halda inflyasiyanı birtəhər kompensasiya edə biləcək. İqtisadçılar deyirlər ki, hökumətin ötən il 3 faiz olduğunu bildirdiyi inflyasiyanın bu il 6-7 faiz olacağı haqda irəli sürdüyü proqnozu nəzərə alsaq, 10 manatlıq artım ən yaxşı halda inflyasiyanı güclə kompensasiya edə bilir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, son artım qərarına qədər minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında təxminən 4 dəfədən çox, minimum istehlak büdcəsi ilə minimum əməkhaqqı arasında isə 3 dəfədən çox fərq var. Əslinə qalsa, ölkədə əməkhaqqı alanların xeyli hissəsi minimum əməkhaqqından cüzi miqdarda çox əməkhaqqı alır.
Mərkəz rəhbəri deyir ki, büdcənin vəziyyəti imkan verir ki, daha çox artım olsun.
Sadəcə olaraq, hökumətin əlində olan böyük maliyyə resurslarından qeyri-səmərəli istifadə nəticəsində qeyri-neft sektoru inkişaf etmir və neft bitəndə hökumət üzərinə götürdüyü sosial öhdəliklərin yerinə yetirilməsində ciddi problemlərlə üzləşə bilər:
"Ona görə də hesab edirəm ki, artımlar məsələsində ehtiyatlı mövqe tutulur".
10 manatlıq artımı ciddi saymaq olmur
İqtisadçı-ekspert Vüqar Bayramov da düşünür ki, istər minimum əməkhaqqının, istərsə də pensiyaların daha çox artırılması imkanları var idi. Yəni pensiyaların baza hissəsinin 13,3 faiz deyil, daha çox artırılması mümkündür:
"Hesablamalarımız göstərir ki, dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsini 25 faiz artırmağa imkan verir. Əlavə və dəyişikliklərdən sonra buna zəmin yaranmışdı...".
İqtisadçı Rövşən Ağayevin fikrincə, ümumiyyətlə, Azərbaycanda pensiyaların və məvaciblərin minimum məbləği çox cüzidir:
"Bu gün Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği 96 manatdır. Prezident pensiyaların və məvaciblərin minimum həcmini artırdıqdan sonra ortaya çıxan məbləğ yenə də əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləğindən 14 faiz aşağıdır. Hələ nəzərə almaq lazımdır ki, yaşayış minimumunun məbləği elmi cəhətdən yetərincə əsaslandırılmış, reallığı əks etdirən məbləğ deyil. Bütün bunları göz önünə gətirib 10 manatlıq artımı ciddi artım saymaq olmaz".
Yaşayış minimumu - ən az 150-170 manat!
Rövşən Ağayev deyir ki, yaşayışın real minimum dəyəri hesablanmalıdır. Hökumət qanunla təsdiqləyir ki, yaşayış minimumunun orta dəyəri 87 manat, əmək qabiliyyətli əhali üçünsə 96 manatdır. Azərbaycandakı yaşayış minimumunun, ərzaq və qeyri-ərzaq istehlakının, xidmətlərin strukturunu keçid dövrünü yaşayan bir çox inkişaf etməkdə olan ölkələrlə müqayisə etsək, bu məbləğlərin mütləq artırılmalı olduğunu görərik. Ərzaq istehlakının normativləri yüksəldilməli, xidmət və qeyri-ərzaq normativlərinə yenidən baxılmalı, ərzaq səbətinin tərkibinə insanlarən fizioloji sağlamlığı üçün yeni məhsullar salınmalıdır:
"Belə olan halda Azərbaycanda yaşayış minimumunun real dəyərinin daha yüksək olduğu üzə çıxar. Müxtəlif qiymətləndirmələrə görə, yaşayış minimumunun məbləği ən azı 150-170 manat olmalıdır".
İqtisadçı ekspert hesab edir ki, öncə yaşayış minimumu real hesablanmalı, sonra isə hökumət minimum əməkhaqqı və pensiyaları müntəzəm olaraq yaşayış minimumunun dəyərinə uyğunlaşdırmalıdır.
"Yaşayış minimumu haqqında" qanuna görə, ildə bir dəfə büdcə layihəsi ilə birgə yaşayış minimumunun dəyərinə də baxılır və inflyasiya nəzərə alınmaqla bu dəyər dəyişdirilir. Deməli, hökumət pensiya və əməkhaqqı dəyərini yaşayış minimumunun indiki rəsmi yox, obyektiv dəyərinə uyğunlaşdırmalıdır. Ancaq hələlik hökumət yaşayış minimumunun dəyərini cüzi həddə saxlayır və minimum pensiyanı, minimum əməkhaqqını da həmin cüzi məbləğə uyğunlaşdırır. Səbəbləri iqtisadçı bu şəkildə açıqlayır:
"Hökumət həmişə bu işə siyasi tədbir kimi yanaşır. Ona görə də onu seçki illərində reallaşdırır. Bu cür artımlar büdcə qanunlarında hökumətin tədbiri kimi ilin müəyyən gününə nəzərdə tutulmalıdır. Lakin əməkhaqqı artımının 2000-ci ildən bəri tarixçəsinə baxsaq görərik ki, bu artımlar 2000, 2003, 2005, 2008 və 2010-cu illərdə, yəni seçki illərində, özü də parlament və prezident seçkilərinin keçirildiyi illərdə, həm də seçkiyə az qalmış həyata keçirilib. Əslində büdcə vəsaitlərindən, inzibati resurslardan bu şəkildə istifadə birmənalı olaraq hakimiyyətin xeyrinə istifadə kimi qiymətləndirilməlidir. İnzibati resurslardan bu cür istifadə edirlər, heç olmasa insanlara normal pensiya versinlər".
|
|
|
Oxşar xəbərlər:
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Millət vəkili Əli Məsimli: "Pensiya məsələsində güzəştə getmək olardı"
Pensiyaçılar da büdcədən asılı vəziyyətə düşürlər
Gələcəyə sərmayə yatırmaq sərfəlidirmi?
Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
|
|
|