Daşqın kompensasiyasını yeyiblər
 |
Çoxlu rüsvayçı faktlar aşkara çıxır...
Şənbə, 04.09.2010
|
|
Bu ölkənin məmuru heç bir ölkənin məmuruna bənzəməz. Fəlakətə düşmüş insanlara, dul arvadlara, yetimlərə, yoxsul ailələrə ayrılan sosial kompensasiyalara, yardımlara, müavinətlərə tamah salmaq yalnız bu ölkənin məmurlarının mentalitetinə aid bir iş imiş. Üstü açılan, mətbuat səhifələrini dolduran, teleekranları "bəzəyən" kadrlar bunu deməyə əsas verir.
Daşqın zamanı var-yoxdan çıxmış, evləri dağılmış, təsərrüfatları viran olmuş sabirabadlılardan ibarət hiddətlənmiş bir heyət ölkənin Fövqəladə Hallar Nazirliyinə gedib rayonda baş verənləri bütün çılpaqlığı ilə açıb ortaya tökəndə zərər çəkmiş əhaliyə pul kompensasiyalarının verilməsi ilə bağlı miqyaslı maxinasiyaların olduğu aşkara çıxmışdır. "Turan"ın xəbərinə görə, kompensasiyaların məbləği tutuşdurularkən verilən pul ilə verilməli məbləğ arasında fərq aşkar edilib. Bu fərq göstərib ki, dövlətin ayırdığı kompensasiyanın 50%-i vətəndaşlara verilməyib...
Maxinasiyaların ünvanı da göstərilib: kompensasiya pulları yerli poçt şöbələri vasitəsilə yerli komissiyaların üzvləri tərəfindən verilir. Bura yerli hakimiyyətin müxtəlif qollarının nümayəndələri daxildir.
Müstəntiqlər işə başlayıblar
Maliyyə maxinasiyaları aşkar olunduqdan sonra şikayətçilər Baş Prokurorluğa müraciət ediblər. Baş Prokurorluq Azadkənd, Xankeçən, Polad-Tuqay, Çığırqan kəndlərində yoxlamaya başlayıb."Rayon hakimiyyətləri və prokurorluq hazırda kəndlərdə yoxlama aparır", - Qaragüney kənd polis şöbəsinin rəisi Eminağa Zeynalov "Turan"a bildirib.
Yoxlamalardan qorxuya düşən yerli məmurlar aldadılmış vətəndaşların evlərinə gedərək onları şikayətlərini geri götürməyə razı salmağa çalışıblar və əvəzində mənimsədikləri pulları qaytaracaqlarını da bildiriblər (!)... Lakin aldadılmış sakinlər bundan imtina ediblər. Onlar bu qalstuklu dələduzların cəzalandırılmasını tələb ediblər.
Polisdən anlaşılmaz davranış
Fəlakətə düşmüş əhalidən bu narazılıq dalğasının fonunda "Kür" vətəndaş cəmiyyətinin dövlət rəhbərliyinə, ölkənin məsul şəxslərinə müraciəti kənardan baxdıqda təqdir olunmalı, rəsmilər, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli, narazılığın kökünü araşdırmalı idilər. Hər halda, normal məntiq belə deyir. Amma nə baş verir? Xəbərlərə görə, ötən həftə məhz həmin kəndlərdə polis "Kür" vətəndaş cəmiyyəti qərargahının üzvlərini kənddən çıxarıb(?!). Qərargah üzvləri daşqına məruz qalmış kəndli təsərrüfatlarına dəymiş zərərin hesablanmasını aparırdılar. İddialara görə, daşqına məruz qalmış bütün rayonlara yuxarılardan göstəriş verilib ki, vətəndaş cəmiyyətinin nümayəndələri yerlərə buraxılmasın. Niyə?
Qərargah kompensasiyaların və humanitar yardımın verilməsi zamanı maliyyə pozuntuları ilə bağlı böyük sayda şikayətləri qeydə aldıqdan sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova vəziyyət barədə məlumat verildiyi də xəbərlərə əlavə olunur. Görünür, yerli məmurların simasında balaca padşahlar heç kəsi saya salmayacaq dərəcədə qüdrət sahibləridir.
Hər halda, "Kür"ün yuxarıya müraciəti onları hiddətləndirib. Yoxsa onlar daha sərt rəftar etməyə və "Kür" qərargahının nümayəndələri ilə daha kobud davranmağa başlamazdılar. Xəbərlərdə heyrət içərisində bunu da oxuyuruq.
Üç gün əvvəl Əsgərbəyli, Qasımbəyli və Novruzlu kəndlərinin üç yüzə yaxın sakini Sabirabad İcra Hakimiyyəti başçısının yanında olub, daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı hökumət qərarlarının yerinə yetirilməsinin gedişindən narazılıq bildiriblər. Məgər başçı vəziyyəti bilmirmi və işin bu yerə çatmasına niyə yol verib? Axı, məmur vəzifəsində olan şəxs neqativ halı görüb-bilib hərəkətsiz qaldıqda bu vəziyyət özü hüquqi məsuliyyət doğurur.
İcra başçısı ilə görüşdən sonra nə baş verib? Onlara təşəkkür etmək, ölçü götürüləcəyi barədə heç olmasa vəd vermək əvəzinə... Polis görüş iştirakçılarından beş nəfəri saxlayıb. Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Zülfi İsayev "Turan"a bildirib ki, onlar "icazəsiz piket keçirməyə cəhd göstərdiklərinə görə saxlanılıblar və xəbərdarlıq olunduqdan sonra buraxılıblar".
"Kür"dən yeni bəyanat
Bir aydır daşqın fəlakəti bölgələrində alternativ monitorinq aparan (buna ictimai təşkilatların, ayrı-ayrı vətəndaşların tam ixtiyarı var və bunda qəribə heç nə yoxdur) "Kür" bu bölgədə baş verən qəribə hadisələr barədə yeni bəyanat yaydı və çoxlu sayda qanun pozuntularına, korrupsiya hallarına yol verildiyini ictimaiyyətə bildirdi.
"Avqust ayının 25-dən "Kür" vətəndaş cəmiyyəti qərargahının apardığı monitorinqə mane olan yerli icra strukturları və polis avqust ayının 28-də Sabirabad rayonu ərazisində qurumun fəaliyyətinin rəsmən qadağan olunması qərarına gəlmiş və bu qərarı qərargah üzvlərinə bildirmişdir (!).
Yerli hakimiyyət strukturlarının atdığı bu addımın əsl səbəbinin açıqlanması özünü çox gözlətməmişdir. Belə ki, 31 avqust 2010-cu il tarixdə FHN-də olan Sabirabadın Azadkənd, Polad-Tuqay, Çığırqan və Xankeçən kəndləri sakinlərinin nazirlik əməkdaşları ilə müzakirələri zamanı məlum olub ki, ayrılan kompensasiyaların bir hissəsi yerli məmurlar tərəfindən mənimsənilib", - deyə sözügedən bəyanatda bildirilir.
Baş Prokurorluğun Sabirabaddakı yoxlamalarının bu görüşdən sonra başladığı bəyanatda ayrıca qeyd olunur. Bu hadisədə maraq doğuran odur ki, Baş Prokurorluğun yoxlamalarına paralel olaraq yerli icra strukturları mümayəndələri polisin köməkliyi ilə "qalıq kompensasiya vəsaitlərinin qaytarılması" üçün kənd sakinləri ilə "diplomatik" danışıqlara başlayıblar... Sakinlər isə bu qalıq vəsaiti almaqdan imtina ediblər. Onlar dələduzları cəzalandırmağı tələb edirlər. Deməli, "Kür" qərargahı haqlı imiş.
Döy və dama bas!
Bəyanatda narahatlıq doğuran başqa bir cəhət vurğulanır: öz haqqını tələb edən bəzi yerli sakinlər icra strukturları və polis tərəfindən incidilir və onların hüquqları kobud şəkildə pozulur. "Belə ki, Kür daşqınlarının təsirinə məruz qalmış, evləri və təsərrüfatlarına ciddi ziyan dəymiş Saatlı rayon Dəllər kəndinin bir qrup sakini sentyabrın 1-də problemlərinin həlli ilə bağlı Saatlı rayon İcra Hakimiyyətinə gələrək icra başçısı ilə görüşmək istəmişdir. İcra hakimiyyətinin binası qarşısında Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov qəbula gəlmiş insanların üstünə qışqıraraq onları təhqir etmiş, sonra isə təhqir etdiyi insanları döyməyə başlamışdır. Ona bu işdə yanında olan digər vəzifəli şəxslər də kömək etmişlər. Daha sonra icra başçısı döydürdüyü insanları polisə göstəriş verərək həbs etdirmişdir".
Belə şeylərin çar hökuməti zamanında olduğunu köhnə kitablardan oxuyub bilirdik. Demə, bu günün demokratik Azərbaycanında da belə şeylər baş verir və...bu məmurlar cəzasız qalır.
Döyülənlərdən 4 nəfəri - Umudov Lazım, Fərəcov Kamil, Cəlilov Şamil və Mirzəyev Zəfər həbsə alınıblar. Həbs olunanlardan biri - Umudov Lazım "Kür" qərargahının üzvü, "Turan" IA Monitorinq Qrupunun əməkdaşıdır. Döyülənlər rayon polisinə müraciət etsələr də, onlar tibbi müayinədən keçirilməyib və vəkillə təmin olunmasına şərait yaradılmayıb. Hadisənin iştirakçısı olan şəxslər var və onlar heç bir əsas olmadan vəzifəli şəxslərin onlara hücum etdiklərini bildirirlər.
"Kür" qərargahı baş verən bu rüsvayçı hadisələr barədə müvafiq orqanlardan ölçü götürülməsini tələb edir.
Yeyinti faktları ilə bağlı cinayət işi başlandı
Son xəbər gözlənilən idi. Baş Prokurorluq Sabirabad rayonunun Azadkənd, Xankeçən, Polad-Tuqay, Çığırqan kəndlərində poçt işçiləri və onların əlbir olduğu şəxslərin vəsaitləri oğurlaması faktı üzrə cinayət işi başlayıb. Cümə axşamı günü prokurorluq Sabirabad rayonunun poçt xidməti rəhbərlərini dindirmişdir ("Turan"). Əhali bu maliyyə fırıldaqlarını duyan kimi Baş Prokurorluğa müraciət etmişdilər. "Kür" vətəndaş cəmiyyəti qərargahı üzvlərinin daşqına məruz qalan kəndlərdən çıxarılmasının səbəbləri deyəsən bəlli olur.
Sentyabrın 2-də Saatlı rayon İcra Hakimiyyətinin nümayəndələri Dəllər kəndinə gələrək bir gün əvvəlki insidentə - icra hakimiyyətinə gələrək öz problemləri ilə bağlı şikayət edən kənd sakinlərinin icra başçısı və onun iki müavini - Rahib Salahov və Ağa Əsədov tərəfindən söyülməsinə və döyülməsinə görə üzr istəyiblər. Görünür, karyeraları üçün qorxu hissi keçirirlər. "Kür" qərargahının həmin gün polis tərəfindən tutulub saxlanmış üzvü Lazım Umudov, o cümlədən dörd nəfər kənd adamının mərkəzin işə qarışmasından sonra məhkəmə salonundan sərbəst buraxıldıqları xəbərlərə əlavə olunur.
Dünənki son xəbər: yeni mənimsəmə faktları
Dünən Kür daşqınları nəticəsində ziyan çəkmiş Polad-Tuqay kəndinin bir qrup sakini FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətində kəndlərində paylanan kompensasiyanın siyahısının bir hissəsi ilə tanış ola bilib.
Polad-Tuqay kənd sakini Seymur Ənvər oğlu Hacıyev adını siyahıda görəndə təəccüblənib və "mənə kompensasiya verilməyib" deyəndən sonra siyahını kənd sakinlərindən alıblar. "Siyahıda mənim ad və soyadımın qarşısında 1600 manat kompensasiya aldığım yazılıb. Amma mənə bir qəpik belə pul verilməyib", - Seymur Hacıyev "Turan"a bildirib.
Digər kənd sakini Fəqan Rəsulov bildirib ki, onun və qohumları olan digər 13 ailənin adını tikiləcək evlərin siyahısına salmayıblar. "Evlərimiz su altında qalıb. Əsgərlər dəfələrlə nasosla evlərimizdən suyun boşaldılmasında iştirak ediblər. Çadır düşərgəsində qalmışıq, ərzaq veriblər. Amma indi nədənsə bizim ailələr üçün nə ev tikirlər, nə də kompensasiya verirlər. Halbuki kənddə evləri su basmayan yerdə olanlara kompensasiya verilir, ev tikilir", - o qeyd edib.
Kənd sakinləri gördükləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəklərini bildiriblər ("Turan").
Məmurlar özlərini dandırırlar
Sakinlərin şikayətləri ilə bağlı məlumat almaq məqsədilə "Turan"ın müxbiri FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinə müraciət edib. Müdiriyyətin əməkdaşı əvvəlcə bu barədə rəhbərliyə məlumat vermək üçün müdirin kabinetinə gedib. Sonra bütün rəhbərliyin daşqın zonasında olduğunu bildirib...
"Turan"ın həmin əməkdaşa "siz müdirin kabinetində bizim sualımızı kimə ünvanladınız və müdirin adı necədir?" sualının cavabında "mən köməkçi Elxan müəllimə məruzə etdim", - bildirib. Həmin əməkdaş müdirin adını deməkdən çəkinib. Beləliklə, "Turan"ın müxbiri Birləşmiş Müdiriyyətin ofisinə buraxılmayıb. Maraqlıdır ki, binanın girişindəki postda duran, hətta köynəyinə "təhlükəsizlik xidməti" yazılmış şəxs də müdiriyyətin mövqeyindən çıxış edərək, özünü nazirliyin cavabdeh əməkdaşı kimi aparıb.
"Turan"ın müxbirinin nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciəti də nəticə verməyib. Növbətçi Rauf Məmmədov "Turan"ın müxbirinə nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinə müraciət etməyi məsləhət bilib. İctimaiyyətlə Əlaqələr İdarəsinin isə (+994 12) 512 03 89 nömrəli telefonu zənglərə cavab verməyib...
|
|
|
Oxşar xəbərlər:
Oğuzda arxeoloqlar qizil maska tapiblar
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Güneydə "Kərkük variantı"?
Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
"Qurdlar Vadisi Pusu"nun kompüter variantı
|
|
|