çap et  
Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər
Şənbə, 28.08.2010


Tovuz rayonu ərazisində yerləşən Göytəpə neolit yaşayış məskənində arxeoloji qazıntılar gedir (APA). Bu işi Tokio Universitetindən olan arxeoloq mütəxəssislər beynəlxalq standartlara uyğun şəkildə aparırlar.

Açıqlamalara görə, burada aparılan tədqiqatlar nəticəsində Azərbaycanın torpaqlarının ən qədim dövrü ilə bağlı çox ciddi elmi materiallar əldə edilmişdir. Söhbət Qafqazda ən qədim - eramızdan öncə 6 min il əvvələ aid neolit abidəsindən gedir. Bu qazıntılar barədə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Fərhad Quliyev danışmışdır. O hesab edir ki, bu arxeoloji tədqiqatlar Azərbaycanın ilkin sivilizasiya məskənlərindən biri olduğunu göstərir:

"Burada tapılmış arxeoloji materiallar özündə neolit dövrünün xüsusiyyətlərini əks etdirir. Materialların təhlili daha geniş aspektdə aparılır. Aşkar edilmiş materiallar və tikili qalıqları neolit dövründə bu topraqlarda güclü inkişafın olduğunu göstərir".

Fərhad Əliyev bildirir ki, hazırda dünya arxeoloqları arasında ən aktual məsələ Şərq və Qafqaz əlaqələrini dərindən öyrənməkdir. O deyir: "Arxeoloji qazıntılar nəticəsində tapılmış Göytəpə neolit yaşayış məskəni bu əlaqələri özündə əks etdirən çox nümunəvi və parlaq bir arxeoloji abidədir". Hesab olunur ki, bu tapıntı dünya tarixi üçün böyük önəm daşıyır.

Qeyd edək ki, Yaponiya səfiri Masamitsu Oki bu günlərdə millət vəkili Qənirə Paşayevanın dəvəti üzrə Tovuzda olarkən bu arxeoloji abidəyə də baş çəkmiş, orada aparılan işlərlə tanış olmuşdu. Səfir demişdir:

"Mən çox şadam ki, burada aşkarlanan vacib tapıntı üzərində yaponiyalı arxeoloqlar azərbaycanlı arxeoloqlarla birgə çalışır. Biz əlimizdən gələn qədər kömək edəcəyik ki, belə işlər daha çox həvəsləndirilsin".