çap et  
Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək
Şənbə, 28.08.2010


Yeni dərs ilinin sonunda orta məktəbi əla və yaxşı qiymətlərlə bitirən məzunlara qızıl və gümüş medal veriləcək. Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Əhliyyət Adıgözəlov APA-ya bildirib ki, orta məktəbin orta təhsil səviyyəsinin 75 faizini "əla" qiymətlərlə bitirən, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olan, bütün fənlərdən illik qiymətləri "əla" olan şagirdlərin namizədliyi qızıl və ya gümüş medalla təltif üçün verilə bilər.

Qızıl və ya gümüş medalla təltif üçün namizədliyi verilən məzunlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən tədris dili və riyaziyyat istisna edilməklə, ən çoxu ikisi "yaxşı" olanlar gümüş medala layiq görüləcəklər. Əhliyyət Adıgözəlov deyib ki, medallar üçün namizədliyin verilməsi zamanı məzunların təhsil aldığı müddətdə göstərdiyi nümunəvi davranışı, fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməsi də nəzərə alınacaq. Təhsil alanların qızıl və ya gümüş medalla təltif üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılacaq və müvafiq qərar qəbul olunacaq. Namizədliyi veriləcək 11-ci sinif şagirdlərinin siyahısını yerli təhsili idarəetmə orqanları mayın 20-dək Təhsil Nazirliyinə təqdim edəcək.

Medallar məzunlara təntənəli surətdə təqdim ediləcək. Qızıl və gümüş medala layiq görülən abituriyentlərə ali məktəblərə qəbul zamanı heç bir əlavə güzəşt verilməyəcək. Xatırladaq ki, Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilmə prosesi təxminən 1990-cı illərin əvvəllərindən dayandırılıb.

Keçən il qəbul edilmiş təhsil qanununda bu prosedur nəzərdə tutulsa da, son məzun kontingenti bu medalları görmədi.