Azərbaycanın Estoniyanın "Baltic Workboats AS" şirkətindən aldığı 3 ədəd patrul kateri bu gün Bakıya çatdırılıb. Bu barədə APA-ya açıqlamasında "Baltic Workboats AS" şirkətinin ixrac meneceri Jüri Taal məlumat verib.
Katerlər Bakıya xüsusi yük gəmisində göndərilib. Təmsil etdiyi şirkətin Azərbaycan Dövlət Gömrük Komitəsi üçün 3 kater inşa etdiyini qeyd edən J. Taalın sözlərinə görə, bu qayıqlar yüksək sürətə malikdir və Baltik dənizində və Şimal dənizində testdən keçirilib. Hazırda oxşar katerlərdən İsveç, Finlandiya, Norveç və s. kimi ölkələrin axtarış-xilasetmə qurumlarında istifadə edilir.
"Bu qayıqlar testlər zamanı yüksək dənizdəqalma və manevrlilik nümayiş etdiriblər. Sürətli olmaları isə istənilən patrul vəzifələrini yerinə yetirməyə imkan yaradır".
J.Taal "Baltic Workboats AS" şirkətinin Azərbaycan ilə əməkdaşlığı davam etdirməyi planlaşdırdığını, bu katerlərin tədarükünün əməkdaşlıq istiqamətində ilk addım olduğunu vurğulayıb. Şirkət rəsmisi yeni katerlərin alğı-satqısına dair müzakirələrin davam etdiriləcəyini də qeyd edib.
Qeyd edək ki, Azərbaycan üçün inşa olunmuş "WC 1500" layihəli patrul katerinin uzunluğu 16,15 metrdir. Kater 2 ədəd "MAN R6-730" mühərriki ilə təchiz olunub. Çəkisi 19 ton, sürəti saatda 40 mildir. Katerin şəxsi heyəti 5 nəfərdir.
|