![]() |
çap et |
|
|||
Yaxın günlərdə Bakı Dövlət Universitetində (BDU) Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən xəbər verilmişdir. Bildirilir ki, "Erməni məsələsi" ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı ideoloji- təxribatçı fəaliyyətlər, onların qarşısının alınması üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var. O deyib ki, BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzini əsl elmi-strateji, sosioloji araşdırma obyektinə çevirmək planlaşdırılır, gələcəkdə bu sahədə çalışmaq üçün mütəxəssis hazırlanmasına da diqqət ayrılacaq:
"Bu gün Ermənistanda baş verən proseslərin öyrənilməsi və elmi cəhətdən tədqiq edilməsi də Mərkəzin əsas fəaliyyət istiqamətlərindən olacaq, bu terrorçu dövlətin işğalçı xarakterini, təxribat və saxtakarlıqlarını istər ölkə içində, istərsə də xarici ölkələrdə keçirilən simpozium, konfrans və digər tədbirlərdə ifşa etmək, Azərbaycanın haqlı mübarizəsində dövlətimizin mövqeyini peşəkarlıqla müdafiə etmək üçün Mərkəzə bu işin mütəxəssisləri, xüsusi erməni dilini bilən şəxslər cəlb ediləcək. Mərkəz ermənidilli mətbuatda, İnternet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, "Sant TV", "USArmenia TV", Yerkir-Media TV və s.) gedən yazıları sistemləşdirəcək, bunların əsasında analitik yazılar hazırlayacaq, araşdırmalar aparacaq. Ermənilik ideologiyasının əsl mahiyyətini, onun təxribatçı xarakterini sistemli şəkildə öyrənmək və ifşa etmək də əsas məqsədlərdəndir. Mərkəzin ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr ediləcək, bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək saytda yerləşdiriləcək və yayılacaq". BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinə araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edəcək. Əlavə edək ki, ermənilər bu kimi analoji işlərlə çoxdan bəri məşğuldurlar. Onlar Türkiyə və Azərbaycanı diqqətlə izləyirlər. Türk jurnalisti Cəmil Yıldızın apreldə İrəvan Dövlət Universiteti türkologiya fakültəsinin magistraturada oxuyan üç tələbəsi ilə söhbəti dərc edilmişdi. Türk jurnalistin türkologiya dərsində iştirakına imkan verilməmişdi, amma universitetdən kənarda onunla danışmağa razılaşmışdılar. Erməni tələbələr türk jurnalistə açıqca bildirmişdilər ki, sizinlə qarşılaşmaq üçün türk dilini və ölkənizi öyrənirik, məqsədimiz diplomat olmaq, beynəlxalq platformada sizi küncə sıxışdırmaq, "soyqırımı" sizə qəbul etdirməkdir. Sizin Şərqi Anadolu dediyiniz yer bizim üçün Qərbi Ermənistandır və bu torpaqları öz sərhədlərimiz içində gördükdə bu mübarizə bitmiş sayılacaqdır. Onların iddia etdikləri torpaqlarda yaşayan 20-30 milyon insanın taleyi isə onların xəstə fantaziyasında bir heçdir. Hər halda, belə görünür, bu xəmir çox su aparacaq və bir qədim məsəli unutmaq olmaz ki, "düşmən milçək olsa da, onu bir fil hesab et". |