çap et  
Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir
Şənbə, 28.08.2010

S.Abbas

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Balaxanı qəsəbə bələdiyyəsinin keçmiş sədrinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Balaxanı qəsəbə bələdiyyəsinin keçmiş sədri Cavanşir Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 31-nə təyin edilib.

İttihama görə, Cavanşir Aslan oğlu Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışan zaman qanunsuz olaraq bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsi ayrılmasına və icarəyə verilməsinə dair qərarlar qəbul edib.

C.Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxs 2010-cu ilin fevralında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən istintaqa cəlb olunub.