Son günlər Astara sərhəd-keçid məntəqəsindən İrana vizasız gediş-gəliş məhdudlaşdırılıb. Əgər əvvəllər hər gün İrana 300-ə qədər adam buraxılırdısa, indi qonşu ölkəyə 50-60 nəfər keçə bilir. "Turan"ın www.hayatimiz.org saytına istinadən verdiyi məlumatına görə, yerli sakinlər bunun səbəbini gömrük işçiləri ilə yaranmış dava-dalaşla izah edirlər.
"Belə ki, avqustun 16-da qonşu ölkədə xırda bazarlıq edib geri qayıdan bir qrup yerli sakin gömrük işçilərinin haqsız tələbi ilə üzləşib. Onlara bildirilib ki, bəzi ərzaq mallarının, o cümlədən xurmanın ölkəyə gətirilməsi qadağandır. Bundan hiddətlənən sakinlər, əsasən də qadınlar etirazlarını bildiriblər və sonradan bu qalmaqal dava ilə nəticələnib. Bundan sonra sərhəd-keçid məntəqəsində adamların gün ərzində İrana keçməsi məhdudlaşdırılıb", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, İranda xüsusilə ərzaq və məişət mallarının qiymətləri ucuz olduğundan yerli sakinlər qonşu ölkəyə getməyə üstünlük verirlər. Bundan əlavə, İrana müalicəyə gedənlərin də sayı çoxdur.
Xatırladaq ki, bu il fevralın 1-də İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib.
Dövlət Gömrük Komitəsindən isə bu məlumatla bağlı şərh almaq mümkün olmayıb.
|