Türkiyə-Suriya sərhədinin Qaziantep vilayətində yerləşən Karkamış antik şəhəri ərazisində minatəmizləmə əməliyyatları müqavilədə göstəriləndən 3 ay tez - bu ilin noyabr ayında tamamlanacaq. Bu barədə APA-ya Türkiyənin ərazidə minatəmizləmə işləri aparan "Nokta Yatırım və İnşaat" şirkətinin baş direktoru Murad Kəklik bildirib.
Minatəmizləmə əməliyyatlarını Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mütəxəssislərinin iştirakı ilə apardıqlarını deyən şirkət rəhbəri Türkiyə Milli Müdafiə Nazirliyinin ötən il bu məqsədlə elan etdiyi tenderdə ABŞ, İtaliya, İsrail, Almaniya şirkətləri ilə mübarizə apararaq qalib gəldiklərini söyləyib.
Şirkət müqaviləyə uyğun olaraq, Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən 663 800 kvadratmetr ərazini təmizləməlidir. Layihənin ümumi dəyərinin 1 mln. 400 min TL (təqribən 700 min manat) olduğunu qeyd edən şirkət rəhbəri əslində test sayılan bu layihə üçün məbləğin simvolik olduğunu bildirir:
"Bu ərazidə antik dövrlərə aid Karkamış şəhərinin qalıqları yerləşir. Bu dünya təcrübəsində antik şəhər ərazisində aparılan ilk minatəmizləmə əməliyyatıdır. Təmizləmə işlərindən sonra ərazidə arxeoloji qazıntılar aparılacaq. Hazırda Türkiyə Turizm Nazirliyi ilə imzalanmış müqaviləyə uyğun olaraq mina təmizləyənlərin aşkar etdikləri bütün tapıntılar muzeyə təhvil verilir".
M.Kəklik bildirib ki, minatəmizləmə praktikasında aşkarlanan minanın yerində zərərsizləşdirilməsi tövsiyə olunur. Ancaq ANAMA və "Nokta"nın mütəxəssisləri ilk dəfə abidələrə zərər dəyməməsi üçün aşkarlanan minaları uzaq əraziyə daşıyaraq təhlükəsiz şəraitdə zərərsizləşdirirlər:
"Ərazidən əsasən tank əleyhinə minalar, piyada əleyhinə Amerika istehsalı olan M2A1 minaları və M14 adlı xəsarətverici mina tapılır. Bu günə qədər 1000-dən artıq mina çıxarmışıq. Eyni zamanda ərazidən partlamamış hərbi sursatlar da üzə çıxarılır".
M.Kəklik deyib ki, işlər 20-25 istehkamçı tərəfindən əllə təmizləmə üsulu ilə aparılır. Əməliyyatlarda heyət tərəfindən Avstriya şirkətinin istehsalı olan yüksək dəqiqlikli detektorlardan və minaaxtaran itlərdən istifadə olunur. Şirkət rəhbəri minalanmış ərazilərin xəritələrinin olmasına baxmayaraq, 1950-ci ildən sonra dəfələrlə minalanma aparıldığından bu xəritələrin öz əhəmiyyətini itirdiyini söyləyir:
"Bizim üçün xəritələrin olub-olmaması önəmli deyil. Bütün sahəni mina varmış kimi yoxlayırıq. Amma gələcəkdə digər sahələrin təmizlənməsi üçün tenderləri udarsaq, o zaman mina təmizləyən maşınlar almaq niyyətindəyik".
Azərbaycan mütəxəssisləri ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən şirkət rəhbərinin sözlərinə görə, işlərə başlamazdan əvvəl ANAMA tərəfindən türk istehkamçılarına təlimlər keçilib:
"Bizim mütəxəssislər ANAMA-dan minaya yaxınlaşmanı, müdaxiləni, minanı necə zərərsizləşdirməyi, həmçinin intizamı öyrəndilər. Bu günə qədər təxminən layihə sahəsindən 500 min kvadratmetr ərazi təmizlənib. Müqavilənin müddəti 10 ay olsa da, biz bu işləri 8 ay ərzində yekunlaşdıracağıq".
M.Kəklik onu da vurğulayıb ki, hazırda ANAMA-nın mütəxəssisləri heyətin işinə nəzarət etməklə, onlara təlimlər verməklə yanaşı, işlərə NATO-nun adından nəzarəti də həyata keçirirlər.
|