![]() |
çap et |
|
|||
Avqustun 18-də Azərbaycan Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. APA-nın xəbərinə görə, bu barədə seçki komissiyası üzvləri qarşısında çıxışında daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.
Nazir müavini bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib. Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı "exit-poll" keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb. Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub. "Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir", - deyə Oruc Zalov bildirib. Belə ki, dünən Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. Kursların beşinci günündə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki orqanlarında daxili işlər orqanlarının rolu" mövzusunda məruzə ilə çıxış edib. Oruc Zalovun sözlərinə görə, əvvəlki seçkilərdə Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib: ![]() "Bu il keçiriləcək parlament seçkisi zamanı da Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Ümid edirəm ki, bu seçki prosesi də uğurla başlayacaq, uğurla yekunlaşacaq". O.Zalov bildirib ki, Azərbaycan polisi bir sıra qabaqcıl ölkələr və ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edir. Qeyd edək ki, avqustun 23-də başlanmış kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. Nazir müavini onu da qeyd edib ki, Daxili İşlər Nazirliyində bu il keçiriləcək parlament seçkisi ilə bağlı təsdiqlənmiş tədbirlər planında yerli polis orqanlarına noyabrın 6-dək 18 yaşı tamam olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması tapşırılıb. O.Zalov bildirib ki, seçki kampaniyası zamanı kütləvi aksiyalar yerli icra orqanlarına xəbərdarlıq edildikdən sonra və həmin qurumların göstərdiyi konkret yerlərdə keçirilə bilər. Qalan bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq. Nazir müavini Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılmış 700 kameradan qanunsuz halların qarşısının alınmasında istifadə olunacağını da açıqlayıb. O.Zalov sentyabrın 1-dən 9-dək Gəncə, Yevlax, Mingəçevir, Xaçmaz, Şirvan və Bakı şəhərinin Nərimanov rayonunda seçkilərlə bağlı polislər üçün zona seminar-məşğələləri keçiriləcəyini deyib. Nazir müavini Azərbaycan polisinin parlament seçkisinə müdaxilə etməyəcəyini bildirir. я |