Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dağıstanda "çeçenləşmə" sindromu
Dağıstanda "çeçenləşmə" sindromu
Region çıxılmaz bataqlığa sürüklənir
Şənbə, 28.08.2010

Ənvər Börüsoy mətn ölçüsü  

Bu gün Rusiyada dövləti idarəetmə üslubuna yeni forma və məzmun verməyə çalışdıqlarını maraqla izləyirik. Bu məsələ Rusiya gündəmindən düşmür. Onu da görməyə bilmirik ki, bu sırada ənənəvi metod və üsullardan tədricən imtina baş verməkdədir. Yəni müasir dünyada baş verən ictimai inkişaf Rusiyaya da transfer olunmaqdadır və Rusiya bundan qaça bilməz. Ancaq bu anlayışın uzun illər kök salmış məmur mafiyası və klanlar tərəfindən dirənişlə qarşılandığı da açıq müşahidə olunmaqdadır. Mafiya və klanlar müxtəlif ultra-milliyyətçi və radikal ideoloji siyasətlərin arxasında gizlənərək bu prosesi mümkün qədər iflic duruma salmağa ümid edirlər.

Terror dalğasının arxasında nələr və kimlər durur?

Dağıstanda bir tərəfdən regionu uzun illər idarə edən zəngin klanlar və burada yeni ideoloji baxışlara söykənən sələfi hərəkatı (vəhhabi) öz maraqları bucağında hər gün terrorlar törədirlər. Hər gün TV ekranlarından bu hadisələri əndişə və kədər içərisində izləyirik. Bu güclər öz mövqelərini qorumaq və daha da dərinləşdirmək uğrunda sanki yarışa giriblər. Çeçenistanda idarəolunmaz xarakter daşıyan terrorizm artıq Dağıstanın bütün bölgələrinə də sirayət edibdir. Ən sakit və sabit şəhər imicini qazanmış Dərbənd şəhəri də terrorizmin tüğyan etdiyi bir məkana çevrilib. Burada az qala gündəlik baş verən bu terror aksiyalarını rutul, aqul, ləzgi, avar və darginlərə məxsus sələfi hərəkatının idarə etdiyi də bir sirr olmaqdan çıxmışdır.

2007-ci ildə Çeçenistanda yaradılmış "Qafqaz Xilafəti Hərəkatı"nın əmiri Doku Umarovun öz vəzifəsindən istefa verməsi sayəsində bu sırada üstün mövqelərə çıxmaq iddiasını sərgiləyən dağıstanlı sələfi əmirləri (komandir) öz güclərini nümayiş etdirmək üçün regionda terror dalğasını daha da genişləndirmək yolunu tutmuşlar. Çox təəssüflər olsun ki, bu prosesdə əslən Azərbaycan vətəndaşı olan şəxslər də iştirak edirlər.

Faktiki olaraq, Dağıstanın bütün şəhər və kəndlərində "camaat birliyi" adlı qurumlar fəaliyyət göstərir. Belə bir qurumların yaranması sayəsində yerlərdə ikihakimiyyətlilik formalaşmaqdadır. Bir tərəfdən yerli rəsmi hakimiyyət, digər tərəfdən isə şəriət qanunları çərçivəsində qeyri-rəsmi idarəetmə strukturları var. Hər iki struktur özünü haqlı saymaqla, yerlərdə maliyyə, vergi, polis, məhkəmə və digər strukturları öz nəzarətlərinə almaq üçün gərgin mübarizə aparırlar.

REKLAM

Hər iki strukturun arxasında kifayət qədər güc mövcuddur. Yerli əhali sələfilərə, hökumət idarələrində çalışanlar isə dövlətin inzibati gücünə arxalanır. Hansı tərəfin maraqlarına zərbə dəyirsə, dərhal silahlar işə salınır. Sələfilər meşə və dağlıq ərazilərdə, icra strukturları isə dövlətin silahlı qüvvələrinin köməyilə istənilən terror olayını həyata keçirirlər.

Kimin nəzarətində daha çox hakimiyyət olması əsas şərtlərdən biri hesab olunur. Bütün hallarda baş verən terror aksiyaları idarəolunan mexanizmdir. Bu mexanizm daim yeni təhlükəli hadisələrin mənbəyi olaraq qalır. Təkcə 2010-cu ilin ilk altı ayında Dağıstanda 180 terakt baş verib, bu olaylarda 150 nəfərdən çox adam öldürülüb, 230 nəfərdən çoxu isə yaralanmışdır. Onların arasında ölənlərin çoxu məmurlar, polislər və hərbçilərdir.

Dağıstanda baş verən terror dalğalarında yerli oliqarxların maraqlarına uyğun izlər heç də sələfilərin maraqlarından az deyil. Oliqarxların maraqlarının toqquşduğu yerdə onlar öz rəhbərlərinə məhz terror, ölüm təhdidilə cavab verməyi üstün hesab edirlər.

Quzeydən Azərbaycana qarşı gizli terror təhlükəsi

Qafqaz İslam Xilafəti Əmirliyi Hərəkatının maraq dairəsinə daxil olan Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, İriston (Quzey Osetiya), Qaraçay camaat birliklərinə indi də "Azərbaycan Camaat Birliyi" əlavə olunubdur. Artıq əmirliyin "Azərbaycan sektoru" özünün müvafiq infrastrukturlarını da yaratmaqdadır. Bu sırada www.yihadkavkaz.azeriblog.com, www.milleti-ibrahim.com, www.azeriyihadmedia.com, www.guraba.net informasiya resursları yaradılıbdar.

Qafqaz İslam Xilafəti Əmirliyi Hərəkatının informasiya və təbliğat şəbəkəsinə daxil olan www.yamaatshariat.com, www.hunafa.com, www.kavkazanhaamash.com, www.kavkazchat.com, www.badr.tv, www.ahmad-yamaat.blogsrot.com, www.kavkaz.tv, www.dyihadiribat.wordrress.com, www.imamtv.com, www.ik-media.info, www.islambio.com, www.ansarsunna.ucoz.ru, www.ehlitevhid.com, www.sawab.info, www.seyfullah.tauhid.biz, www.generalvekalat.org, və digərləri ilə bir sırada duran bu strukturlar artıq Quzey Qafqazda idarəolunan terror dalğası siyasətinin Azərbaycana sirayət etməsi ehtimallarının yüksək olduğuna açıq bir işarədir.

Bu sırada Dağıstanın dağlıq və ormanlıq bölgələrində xüsusi təlim keçənlərin sırasında Azərbaycan vətəndaşları da yer alıblar. Onların əməlləri ilə bağlı bu internet səhifələrində yerləşdirilmiş videosüjetlərə rast gəlirik. Bu süjetlərdə açıq görünür ki, Əfqanıstan, Pakistan, İraq, Çeçenistan, Dağıstan və Fələstindəki radikal islamçı hərəkatlarda və müxtəlif terror qruplaşmalarında, Qafqaz İslam Xilafəti Hərəkatında azərbaycanlı sələfilər də yaxından iştirak edirlər.

Uzun müddətdir bu prosesləri izləyən analitiklərin fikrincə, Qafqaz İslam Xilafəti Əmirliyi Hərəkatına daxil olan sektorlar hansı fondlardan maliyyələşdirilirsə, onların xüsusi sifarişləri arasında böyük iqtisadi layihələrə sarsıdıcı zərbələr vurmaq üçün bir sıra terror aksiyalarını tətbiq edirlər. "Azərbaycan məsələsi"ndə Çeçenistan və Dağıstanda bu yöndə xüsusi təcrübəsi olanlardan yetərincə istifadə olunmasının ənənəsi vardır.

Dağıstanda son illər kafe və barlar, istirahət mərkəzləri, restoranlar, spirtli içkilər satılan ticarət mərkəzləri camaat birliklərinə məxsus şəbəkələr tərəfindən müntəzəm şəkildə terrora məruz qalmaqdadır. Onlar özlərinə bəraət qazandırmaq üçün bu işləri guya şəriət qanunlarının hökmünə əməl edərək törətdiklərini deyirlər. Halbuki şərab, araq, konyak və digər spirtli içkilər istehsal edən zavodlar "toxunulmaz"lıq statusuna malikdir. Çünki bu zavodların sahibləri onlara aylıq gəlirlərindən müəyyən miqdarda vəsait ödəyirlər.

Təbii ki, belə bir durum Dağıstanın biznes mühitini təhdid altında saxlayır. Dövlətə ödənilən vergilər xaricində, digər ödəmələr də iş adamlarına sarsıdıcı zərbələr kimi qəbul edilir. Yüksəkrütbəli məmurlara və yeni yaranmış sələfi hərəkatına da rüşvət adı altında əlavə vergilər ödənilməsi biznes mühitinin kriminallaşmasına səbəb olmuşdur.

Bütün bunların fonunda sələfi cərəyanına başçılıq edən "əmir"lər öz maliyyə imkanlarını gücləndirməyi strateji hədəf seçiblər. Onların istinad nöqtəsi isə şəriət qanunlarının hökmüdür. Bu siyasətin Azərbaycana transfer edilməsi üçün ideoloji müstəvidə artıq çox ciddi təbliğat şəbəkəsi qurulmaqdadır. Sələfilər faktik olaraq, bütün biznes mühitini öz nəzarətlərinə almaq, aylıq vergilər toplamaqla bərabər, həm də ikihakimiyyətlilik strategiyasını dərinləşdirməyə, öz sıralarını genişləndirməyə çalışırlar. Çünki terror olaylarının miqyasının böyüməsini onların mövqelərinin güclənməsi kimi qəbul edirlər. Bu sınağı onlar Çeçenistan, Dağıstan, Kabarda-Balkar, Adıgey, İnquşetiya respublikalarında uğurla tətbiq ediblər.

Gücləndirilmiş inzibati strukturlar problemi həll edəcəkmi?

Rusiyanın prezidenti Dmitri Medvedev Dağıstanın daxili işlər naziri Əli Məhəmmədovu vəzifəsindən kənarlaşdırmağa məcbur oldu. Çünki Dağıstanda DİN ən çox kriminallaşmış və rüşvətxorluq bataqlığına düşmüş bir qurum hesab olunur. Moskva ümid edir ki, Dağıstan DİN-in tərkibində terrorla mücadiləni effektiv şəkildə aparmaq üçün xüsusi qüvvələrin yaradılması problemlərin həllində müstəsna rol oynaya bilər. Dağlıq regionların faktiki olaraq şəriət qanunları çərçivəsində idarə olunması prosesi artıq yarımdağlıq və çöl bölgələrinə transfer olunmaqdadır. Dağlıq regionlarda şəriət qanunlarının tətbiqi həm də sələfilərin terroru asanlıqla genişləndirə bilməsinə münbit şərait yaradır.

Dağıstanın yeni prezidenti Məhəmmədsalam Məhəmmədov ötən həftə Krasnodar vilayətinin Soçi şəhərində yay tətilini keçirən Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə regionda 800 nəfərlik daxili qoşun qüvvəsi yaradılması barədə ondan razılıq aldı. M.Məhəmmədov bildirib ki, Dağıstanın iqtisadi və sosial həyat tərzinin inkişafı, buraya xaricdən yatırımlar yönəldilməsi siyasətinin reallaşdırılmasında ən böyük problem - terrorizmdir və bunun qarşısını almaq üçün xüsusi təyinatlılara böyük ehtiyac var. Yerli mütəxəssislərin fikrincə, prezident M.Məhəmmədov bu razılığı almaqla hakimiyyət eşelonunda öz mövqelərini xeyli dərəcədə gücləndirə biləcək.

Dağıstan baş nazirinin 1-ci müavini Rizvan Qurbanov bildirib ki, DİN nəzdində daxili qoşunlar adı altında 2-3 alayın yaradılması dağlıq regionlardakı problemlərin həllində müsbət rol oynaya bilər. Bizim əsas məqsədimiz dağlıq regionlardakı ikihakimiyyətliliyin qarşısını almaqdır. Bu hərbiləşdirilmiş qüvvələrdə əsgəri xidmətə çağırışı olan Dağıstan vətəndaşları xidmət edəcəklər. Hesab edilir ki, Rusiyanın digər regionlarından gələrək Dağıstanda terrorizmə qarşı mübarizə aparan güc birliklərindən fərqli olaraq bizlər bunun öhdəsindən daha asanlıqla gələ biləcəyik. Çünki bizlər regionun coğrafi şəraitini, kimin ənənəvi islama və ya radikalizmə xidmət etdiyini daha asanlıqla təyin edə bilirik.

Bundan əlavə, Rusiya DİN-in Dağıstandakı 102 saylı hərbi briqadasında xidmət edəcək əsgər və zabitlərin də çoxunun yerli vətəndaşlar hesabına komplektləşdirilməsinə başlanıldı. 2001-2003-cü illərdə Çeçenistanda müharibəni udmaq üçün Rusiya Müdafiə Nazirliyinə bağlı olan 248 və 249 saylı motoatıcı alaylarda və DİN-ə tabe olan 36 saylı briqadanın nəzdində yerli kadrlardan ibarət "Sever" və "Vostok" hərbi birləşmələr yaradılmışdı. Məhz bu qüvvələrin sayəsində radikal islamçı hərəkatın qarşısı xeyli dərəcədə alındı.

Rusiya DİN Daxili Qoşunlarının komandanı Vasili Pançenkov bildirib ki, Dağıstanda "çeçenləşmə" siyasətinin qarşısını almaq üçün bu siyasət ən uğurlu addım hesab edilməlidir. Yaxın gələcəkdə belə bir taktika Quzey Qafqazın digər regionlarına da tətbiq olunacaqdır.

Ancaq yerli mütəxəssislərin fikrincə, Rusiya Çeçenistanda bir sıra güzəştlərə getməklə bu regionun öz dövlət strukturlarına sahib olması kimi prosesi rəsmiləşdirmişdir. İndi Dağıstan belə bir prosesə qoşulur və bunun qarşıda nə kimi nəticələr verəcəyi başqa sualdır. Hələlik isə bu prosesdə görünən tərəf odur ki, yerlərdə ikihakimiyyətliliyə qarşı çox gərgin bir mübarizə aparılacaqdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər

Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir

Kuklaların solmayan gözəlliyi

Bakı-Tümen dəmiryolu xəttində parlayış

Bölmənin digər xəbərləri
 
Lukaşenko Tehrana səfərə hazırlaşır
Pula ehtiyac olan yerdə getməsin, neyləməsin?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər