Dünya ölkələri bir-bir Tehrandan yaxalarını qırağa çəkdikləri bir vaxtda boşalan yeri tutanlar tapılır. Bu gün onun "dost"ları sırasında Belarus və Venesuelanın önəmli yer tutduqları qoy təəccüb doğurmasın. Bir müddət öncə İranın informasiya vasitələri İslam Respublikasının 4 kompleks "S-300" raket-zenit qurğusu olduğu barədə xəbər yaymışdı. Tehran hakimiyyətinə bağlı mənbənin bildirdiyinə görə, onların ikisi Belarusdan alınıb. İkisinin haradan alındığı barədə səhih bilgi hələ ki yoxdur.
Belarus rəsmiləri bu xəbəri təkzib etsə də, beynəlxalq ictimaiyyətdə xəbərlə bağlı şübhələr qalmaqdadır. Mütəxəssislər bildirib ki, Belarus hərbi sahədə Yaxın Şərq dövlətləri ilə uzun illərdir əməkdaşlıq edir. Elə bu ilin aprelində müdafiə sahəsində Suriya-Belarus birgə komissiyasının iclası ABŞ-da yamanca rahatsızlıq yaratmışdı.
Rusiyada çıxan "Novıy izvestiya" qəzeti son saylarından birində xəbər verirdi ki, Amerika Konqresi "Belarusun silah tədarükünün qeydiyyatı haqda" xüsusi qanun qəbul edib.
Amerikalılar hesab edir ki, Belarus bu gün də raket, minaatan, tank əleyhinə silahları və minaları Fələstindəki radikal qruplaşmalara, İran və Suriya kimi ABŞ-ın "terrorçuluğun himayədarı" adlandırdığı dövlətlərə ötürür. Bundan başqa, Vaşinqtonda rəsmi Minsk Sudana "Mi-24" helikopterləri, artilleriya sistemi və zirehli texnika, Şimali Koreyaya tank, İrana isə hərbi təyyarələr və aviamühərriklər satmaqda suçlanır.
İsrailin "Debka" informasiya agentliyi xəbər yayıb ki, Minsk Suriya ilə "S-300" raket kompleksinin verilməsinə dair danışıqlar aparır.
Belarus müxalifətinin mülahizəsincə, prezident Aleksandr Lukaşenko hakimiyyətinin "pula ciddi ehtiyacı" olduğundan "kimə istəsən, hətta terrorçulara belə silah-sursat satar" .
İran-Belarus münasibətinin genişləndiyinə dəlalət edən faktlar var. Tərəflər arasında qarşılıqlı rəsmi səfərlər artıb. İslam Respublikasının Minsk səfiri Seyid Abdulla Hüseyninin dediyinə görə, cari il oktyabrın ortalarında Aleksandr Lukaşenko prezident Mahmud Əhmədinejadın dəvəti ilə Tehrana rəsmi səfər edəcək.
Səfirin sözlərinə görə, səfər zamanı yeni neft yatağının araşdırılmağa başlamasına həsr olunmuş təntənəli açılış da nəzərdə tutulur.
İranla Belarus arasında dostluq binasının ucaldığı bir zamanda buna əks proseslər də gedir. Məsələn, ötən həftə İran hakimiyyətinin nəzarəti altında olan maliyyə, sığorta, sərmayə, faydalı qazıntıların hasilatı və sənayesi sahələri ilə əməkdaşlıq edən şirkətlərə ABŞ tərəfindən yasaq tətbiq olundu.
ABŞ Maliyyə Nazirliyi ölkə vətəndaşlarına İranın bu kimi müəssisələri ilə sövdələşmələrdən imtina etməyi məsləhət gördü. Onların sırasında Belarusda fəaliyyət göstərən "Onerbank" maliyyə qurumu da var. Amerikanın Maliyyə Nazirliyi əminliklə bildirir ki, həmin maliyyə müəssisəsinə İranın bank qurumları nəzarət edir.
Bundan başqa, ABŞ-ın sözügedən sanksiyası "Exrort Develorment Bank of Iran", "Sina Bank" və "Torgonov Karital"a tətbiq ediləcək. İndiyə qədər Vaşinqtonun qadağasına İslam Respublikasının 17 bankı məruz qalıb. "Iran Foreign Investment Comrany", eləcə də Düsseldorfda yerləşən, İran hakimiyyəti tərəfindən nəzarət edilən "IFIC Nolding" və "INAG Traiding" sığorta şirkətləri də sanksiya tətbiq olunanlar sırasındadır.
Bunlar hələ hamısı deyil. Məsələn, neft-qaz hasilatı və kəşfiyyatı işləri ilə məşğul olan 14 şirkət də yasaqlara məruz qalanlar sırasındadır.
Xatırladaq ki, ABŞ hakimiyyəti vaxtaşırı olaraq sanksiya tətbiq ediləcək qurumların siyahısını təzələyir. Sonuncu dəfə iyunun 17-də siyahı elan olunmuşdu. Onda 30 yeni şirkətin adı yer almışdı.
|