çap et  
Türk PA Bakıda toplantı keçirəcək
Türk PA Bakıda toplantı keçirəcək
Assambleyanın rəsmi saytı fəaliyyətə başlayıb
Şənbə, 28.08.2010

Fərəh Sabirqizi

Bu il sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan parlamentləri aparat rəhbərlərinin qeyri-rəsmi toplantısı keçiriləcək. Yığıncağa Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Senatı və Məclisinin aparat rəhbərləri qatılacaq. Bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Ramil Həsənov məlumat verib.

Baş katibin dediyinə görə, toplantıdan bir gün sonra - sentyabrın 21-də Bakıda parlamentlərin aparat rəhbərlərinin iştirakı ilə dövlətlərarası əlaqələrin gücləndirilməsində parlamentlərin roluna həsr olunmuş konfrans keçiriləcək. Bu tədbiri əsasən tələbələrin və medianın iştirakı ilə keçirmək nəzərdə tutulur.

Ramil Həsənov onu da bildirdi ki, 2011-ci ilin martında Qazaxıstanın paytaxtı Astanada Türk PA-nın növbəti toplantısıdır. Tədbirdə Türk PA-da 3 yeni komitənin - humanitar və sosial məsələlər, iqtisadiyyat, ticarət və enerji məsələləri, hüquq, beynəlxalq hüquq və parlamentlərarası əlaqələr komitəsinin yaradılmasına dair məsələlərə də baxılacaq.

Assambleyanın yenilikləri bununla bitmir. Ramil Həsənovun dediyinə görə, artıq Baş KATİBLİK Beynəlxalq Parlamentlər Birliyi, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, İslam Konfransı Təşkilatı Parlamentləri Birliyi və s. kimi qurumlara əməkdaşlıq üçün müraciət edib. Bundan əlavə, Türk PA quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində də iştirak etməyi planlaşdırır.

Ramil Həsənovun sözlərinə görə, artıq Assambleyanın katibliyi sentyabrın 12-də Türkiyədə keçiriləcək referendumu izləmək üçün Türkiyəyə rəsmi müraciət edib. Baş katiblik eyni zamanda oktyabrda Qırğızıstanda, noyabrda isə Azərbaycanda parlament seçkilərini izləmək üçün müvafiq dövlətlərə müraciətlər edib. Assambleyaya aid yeniliklərdən biri də qurumun rəsmi İnternet saytının fəaliyyətə başlamasıdır. "turk-pa.org" ünvanında yerləşən bu sayt hələlik iki - Azərbaycan və ingilis dillərində işləyir. Sonrada saytın 6 dildə fəaliyyət göstərəcəyi planlaşdırılır. Saytın tərkibindəki 7 bölmədə Türk PA haqqında, təşkilatın strukturu, yaranma tarixi, üzvləri və fəaliyyəti barədə xeyli məlumat toplanıb.

Türk PA-nın 2010-cu il üçün təsdiqlənən büdcəsini də açıqlayıb. Baş katibin sözlərinə görə, bu ilin büdcəsi 300 min avro təşkil edir. Qeyd edək ki, Türk PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən il İstanbulun "Dolmabaxça Sarayı"nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladıqları Sazişlə təsis olunub.