çap et  
Röya bu yay rekord qırır
Röya bu yay rekord qırır
Bu gün Nabranda oxuyacaq
Şənbə, 28.08.2010

Zəminə

Ötən aydan başlayaraq həmkarı Zamiqlə bölgələri qarış-qarış gəzən müğənni Röya daha bir yay konserti verəcək. Müğənninin "Ayna" qəzetinə bildirdiyinə görə, bu təklif konsertlərinə yaranan tələbatdan irəli gəlir.

Müğənni avqustun 28-də Nabranda geniş proqramla çıxış edəcəyini bildirir. Çıxışı zamanı bir sıra sürprizlər nəzərdə tutulur. Hazırda bir neçə yeni mahnı lentə yazdırdığını bildirən sənətçi xanım onları ilk dəfə Nabran konsertində ifa edəcəyini istisna etməyərək bildirdi ki, sürprizlər bununla başlayıb, maraqlı oyunlarla bitəcək. Amma o, təfərrüatı ilə danışmaq istəmədi.

Yay istirahətini bölgə konsertləri zamanı keçirdiyini deyən Röya bunların bir neçəsinə ailəsi ilə birlikdə getdiyini bildirdi. "Konsert proqramım həyat yoldaşım və oğlumla mənə Azərbaycandan çıxmağa imkan vermədi. Çünki həftənin iki günü çıxışım olurdu. Belə düşündük ki, səfərlərin bir neçəsini ailəliklə başa vuraq. Ola bilsin, konsertlər başa çatandan sonra hansısa bir xarici ölkəyə gedərik" - deyə Röya bildirdi.