"Zone Reality" layihəsində məqsədimiz şou yaradıb qalmaqal qazanmaq deyil. Dostluq yaradıb, gələcəkdə əlaqələri möhkəmləndirmək və eyni zamanda istirahətlərini təmin etməkdir. Gün ərzində yanımızda həkim olacaq ki, sağlamlığımızın qeydinə qalsın" - bu sözləri 30 avqust - 5 sentyabr tarixlərində Zaqatalanın Car kəndində keçiriləcək "Zone Reality" yay düşərgəsinin layihə rəhbəri Günel Teymur bildirib. Layihə rəhbəri öncə Zaqatala seçiminə aydınlıq gətirdi:
- Zaqatala öz iqlimi, sərinliyi və gözəlliyi ilə fərqləndiyi üçün onun üzərində dayandıq. Düşünürük ki, həm də yay ayları ərzində istirahət etməyi çatdırmayan şəxslər üçün şans yaranır, onlar həm adrenalin dolu düşərgənin iştirakçısı olacaq, həm də gözəl təbiətin qoynunda istirahət edəcəklər. Eyni zamanda Qax, İsmayıllı, Balakən, Şəki şəhərlərinə ekskursiya vasitəsilə 1 həftə ərzində unudulmaz anlar yaşayacaqlar.
- Layihəyə necə qatılmaq olar və ya iştirak üçün nələr tələb olunur?
- Layihə iştirakçısı olmaq üçün ilk olaraq ərizə doldurulmalı və qeydiyyatdan keçmək lazımdır, daha sonra təqdim olunan sorğu anketi cavablandırılmalıdır. Növbəti mərhələdə həkim müayinəmiz olacaq və iştirakçıların sağlamlıq durumları yoxlanacaq. Bütün bunlardan sonra müqavilə bağlamaqla düşərgənin iştirakçısı olmaq olar. 18-35 yaşlı hər bir kəs bu layihədə iştirakını irəli sürə bilər. Sadəcə, iştirak etmək istəyənlərin psixoloji və fiziki durumu nəzərə alınacaq, sorğu aparılacaq və nəticələrə əsasən oyunlar tətbiq olunacaq.
- Layihə müddətində hansı yarışmalar üstünlük təşkil edəcək?
- Düşünürük ki, layihəmiz fərqli olacaq və iştirakçılar həyəcan dolu yarışmalarla dolğun bir şounun iştirakçısına çevriləcəklər. Onu da qeyd edim ki, düşündürücü "Lost key", "Brain ring" və digər məntiqi oyunlar ilə iştirakçılar intellektual biliklərini artıracaqlar.
- Layihənin davamı gözlənirmi?
- Bu layihənin uğurlu alınması üçün çox çalışırıq. Biz bu layihəyə start verdikdən sonra növbəti addımlar üzərində düşündükdə, layihənin davamını daha ekstrimal vəziyyətə gətirməyi və daha fərqli formada tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Artıq qeyd etdiyim kimi, bunun ardı gözlənir və ümid edirik ki, hamıda maraq yaradan bu layihənin uğurları fərqli prizmalarda davam edəcək.
- Layihədə iştirak üçün nə qədər gənc müraciət edib?
- Müraciət edənlərin sayı çoxdur. Bizim layihəyə uyğun olanların adları üzərində dayanacağıq, hələlik dəqiqləşmə işi aparılmayıb. İştirak etmək istəyənlər 3 mərhələli seçim turundan keçirlər. Sorğu anketi doldurulduqdan sonra biz növbəti mərhələyə keçənləri dəvət edib onlarla qeyd etdiyim kimi müqavilə bağlayacağıq. Keçənlərin adları və şəkilləri saytımızda yayımlanacaq.
- Bəllidir ki, bu gün ölkəmizdə bu tipli olmasa da, çoxsaylı realiti-şoular keçirilir. Siz təşkilatçı olaraq gənclərə hansı fərqliliyi nümayiş etdirəcəksiniz?
- Bu sayaq realiti-şou bir çox qabaqcıl ölkələrdə keçirilir. Bu bizim ölkədə ilk dəfə təşkil edilir. Həmin layihələrdən bəhrələnərək bizə uyğun gələn elementləri götürürük. İştirakçılar gün ərzində fiziki, zehni və digər yarışlarda iştirak etməklə dünya standartlarına cavab verən layihə təmsilçisi adını qazanacaqlar. İştirakçıların iştirakını qrup rəhbəri müəyyənləşdirəcək. Bu da komanda oyununa və komandalararası strategiya qurmağa gətirib çıxaracaq və hər axşam fərqli janrlara müraciət edərək rəqslər hazırlayıb çıxış edəcəklər. Bu, iştirakçılara xal qazandıracaq. Uğurlu olan iştirakçı topladığı xallara görə sonda qalib gələrək noutbuk qazanacaq.
- Azərbaycanda keçirilən realiti-şouların bəzilərinin sonu qənaətbəxş olmayıb. Bu da ictimaiyyətdə bu cür yarışlara qarşı inamsızlıq yaradıb. Gəncləri dediklərinizə tam şəkildə inandırmaq üçün hansı addımlar atırsınız?
- Sadaladığım bütün məqamları proqram şəklində hazırlayıb, həm mediaya çıxarır, həm də iştirakçılara təqdim edirik. Əvvəlcədən öhdəlik götürürük. İştirakçı bunları görür. Bizim düşərgəmiz özümüzə xasdır və iştirakçılar arasında dostluq əlaqələri əsasında keçiriləcək.
|