Xalq artisti Brilyant Dadaşovanın türk telekanallarından birində Azərbaycan qadınının ünvanına işlətdiyi ifadə onu yenidən qalmaqal mərkəzinə çəkib. Xatırladaq ki, efirdə qonaq olarkən teleaparıcıya "Sən Azərbaycan qadını al, onlar ailəsinə çox bağlıdır, lazım gələrsə, hətta həyat yoldaşının ayaqlarını yuyacaq" - deməklə Azərbaycan qadınının həyat yoldaşına çox mübahisəli görünən "hörmətini" izhar edib. Lakin sənətçinin bu yersiz ifadəsi müxtəlif cür yozuldu və uzun zaman müzakirə obyektinə çevrildi. Hazırda Bakıda olan xalq artisti məsələyə mövqeyini bildirib:
"Məni həyatda ancaq yaxşı şeylərlə təəccübləndirmək olar. Bu verilişə baxmayan, bəlkə də baxıb fikirlərimi təhrif edən insanlara görə danışıram ki, mənim orada işlətdiyim hər bir cümləm düzgün başa düşülsün. Məni sözlərimə görə, ittiham etməsinlər. Çünki bu verilişə nəinki türklər, hətta Avropada yaşayan ermənilər də baxırlar. Bu səbəbdən fikrimin aydın şəkildə qəbul edilməsi vacibdir. Bu tip insanlar məni 37-ci il qurbanı kimi Sibirə də göndərə bilərlər. Mən onlara intriqa yaradan söhbətlərə imkan vermirəm deyə bu cür düşünmək məcburiyyətindədirlər".
|