![]() |
çap et |
|
|||
"Biz Ukrayna hüquq-mühafizə orqanlarının Azərbaycanda "qara transplantologiya" ilə bağlı açıqlamasına münasibət bildirmişik. Bununla bağlı araşdırma aparılıb, ancaq deyilənlər Azərbaycanda təsdiqini tapmayıb".
Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib. "Buna baxmayaraq, biz hər bir informasiyaya diqqətlə yanaşırıq və bununla bağlı araşdırmalarımız davam edir", - deyə Rüstəm Usubov bildirib. O, araşdırmanı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə apardığını vurğulayıb. Qeyd edək ki, Ukrayna DİN-dən qeyri-qanuni orqan transplantasiyası ilə bağlı törədilmiş cinayətlərin Azərbaycanla bağlılığı olduğu bildirilib və müvafiq açıqlamalar Azərbaycanda geniş əks-səda doğurub. Rüstəm Usubov xatırladıb ki, Neft Akademiyasında baş verən cinayət işi ağır olsa da, onun açılması təmin edilib. O, Neft Akademiyasında baş verən məlum teraktın təşkilatçısı olan Mardun Qumaşyanın İnterpol xətti ilə axtarışda olduğunu da söyləmişdir. Əlavə edək ki, Mardun Qumaşyanın adı artıq İnterpolun axtarılan cinayətkarlar siyahısında yer alır. Baş prokurorun müavini qeyd edir ki, ölkədə adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri əvvəlki illərlə müqayisədə azalıb. Rüstəm Usubov bildirib ki, bu cür cinayətlərin sayı ildə təxminən 170-180 olur: "Bu cür işlərdən bağlı qalanı az olur, təxminən 11-12 bu kateqoriyalı bağlı iş qalıb. Halbuki Xalq Cəbhəsinin hakimiyyəti dövründə ildə 500-600 bu cür cinayət hadisəsi baş verirdi, açılmayan işlər də çox olurdu". Rüstəm Usubov başqa rəqəmlər də açıqlayıb: 2002-ci ildən indiyədək Azərbaycanın prokurorluq orqanlarına 410 nəfər işə qəbul olunub. Bu isə prokurorluq işçilərinin 41%-i deməkdir: "Bunların hamısı gənc kadrdır. Azərbaycanın prokurorluq orqanları gəncləşir və bu, davam edəcək". |