çap et  
Rüşvətxor məmurlar bir-bir həbs olunur
Rüşvətxor məmurlar bir-bir həbs olunur
Amma bu, Gürcüstanda baş verir
Şənbə, 28.08.2010


Gürcüstan Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 azərbaycanlı məmur rüşvət almaq şübhəsi ilə saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov rüşvət aldığına görə həbs edilib. Bələdiyyə sədri icarəyə götürülən torpaq sahəsinin özəlləşdirilməsində kömək müqabilində vətəndaşdan rüşvət şəklində 6 min lari alıb.

Dmanisi rayon bələdiyyəsinin sədr müavini Kamran Musayev və rayonun Oruzman kənd icra nümayəndəsi Fərhad Qurbanov isə saxta sənədlər düzəltmək müqabilində 300 lari rüşvət almaqda ittiham edilirlər. Bu şəxslər də Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı cinayət işi qaldırılıb. İttihamlar təsdiqlənərsə, onları 9 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Kamran Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin qardaşıdır. Kamran Musayev daha əvvəl Dmanisinin Hamamlı kənd icra nümayəndəsi olub.

Saqareco rayonunda başqa bir azərbaycanlı məmur rüşvətalma faktı ilə saxlanılıb. Gürcüstan Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində Kaxeti bölgəsində Saqareco rayon icra hakimiyyətinin Tüllər kənd icra nümayəndəsi Ayvaz Nəsibov rüşvətalma faktı ilə saxlanılıb. O, vətəndaşdan sənəd verməyə görə sistematik olaraq 600 lari rüşvət alıb. Faktla bağlı cinayət işi qaldırılıb. Cinayət təsdiq olunarsa, onu 9 ilə qədər azadlıqdan məhrumetmə gözləyir. İstintaqı Konstitusiya Təhlükəsizliyi Departamenti aparır.