Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb. İntiharın səbəbləri məlum deyildir.
Fətullayev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satma, saxlama, gəzdirmə) maddələri ilə təqsirləndirilirmiş. Faktla bağlı CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Öz növbəsində Penitensiar Xidməti məlumatı nə təkzib, nə də təsdiq edib. Bu, son ayda Bakı İstintaq Təcridxanasında baş vermiş ikinci intihar hadisəsidir. Belə ki, avqustun 3-də qanunsuz narkotik maddə saxlamaqda ittiham olunan 41 yaşlı Alim İsmayılov özünü kamerada asmışdı.
|