Əfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır. Bu, rekord miqdar sayılır. Məsələn, Gilmənd əyalətinin Hacı Vəkil və Bəhramca yaşayış məntəqələri bölgəsində əfqan polisi ilə birgə aparılan reydlərdə 5,7 ton heroin, 11,3 ton tiryək və 800 kq-dan çox həşiş aşkarlanıb. Müsadirə edilən narkotik maddələrin ümumi dəyəri 1 milyard dollara hesablanır (APA).
Bu reydlərin gedişində narkotik ticarəti ilə bağlı olan 63 silahlı öldürülüb, 19 silahlı şəxs və narkotacir həbs olunuşdur. Qeyd edək ki, Azərbaycan Əfqanıstanda hazırlanan və başqa ölkələrə ixrac olunan uyuşdurucu maddələr tranzitində yer alır. Əfqanıstandan yola salınan, İrandan keçərək Azərbaycan üzərindən başqa ölkələrə göndərilən narkotiklərin böyük bir hissəsinin bizim ölkədə qaldığı və burada reallaşdırıldığı barədə açıqlamalar var və bu reallıq ölkəmizin təhlükəsizliyi və xalqımızın gələcəyi üçün ən böyük təhdidlərdən biri sayılır.
|