1993-1996-cı illərdə adam oğurluğunda ittiham olunan Afər Kərimova hökm oxundu. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 2000-ci ilədək qüvvədə olmuş banditizm (70), qanunsuz olaraq azadlıqdan məhrumetmə (120), hədə-qorxu ilə tələb etmə (146) maddələri ilə təqsirli bilinib.
İttihama görə, Kərimov 1993-cü ildə Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun rəhbərlik etdiyi mütəşəkkil dəstəyə qoşulub.
O, Abuzərovun başçılıq etdiyi Hüseynağa Zərbəliyev, Qabil Ağayev, Səyyad Allahverdiyev, Vidadi Əliyev və digər şəxslərdən ibarət bu mütəşəkkil dəstənin tərkibində Bakıda adam oğurluğu və silahlı qarətlərdə iştirak edib. Kərimov adıçəkilən şəxslərlə birlikdə 1996-cı il avqustun 3-də iş adamı Tofiq Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşına silahlı basqın edərək, onu tapança ilə hədələyərək, oğurlayıblar. Dəstə üzvləri Bayramovun yaxınlarından 300 min dollar alaraq onu buraxıblar.
Məhkəmənin hökmü ilə Afər Kərimov 10 il müddətinə azadlıqdan məhrum edildi.
Kərimovun ittihamında adıçəkilən şəxslər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum ediliblər və hazırda cəza çəkirlər. Abuzər Abuzərovun dəstəsinin daha bir neçə üzvü axtarışdadır.
|