Ali Məhkəmənin hökmünü saxtalaşdırmaqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatdı. Bu orijinal işə Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılırdı.
İttihama görə, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2008-ci il tarixli qərarı ilə Türkiyə vətəndaşı Hasan Tarım Yakup barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il müəyyən olunubmuş. Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəmənin həmin qərarını dəyişdirilmədən saxlayıb.
Ali Məhkəmənin qeyd edilən qərarının surəti məhkumun cəza çəkdiyi müəssisəyə göndərilib. Lakin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin Xüsusi Şöbəsindən 24 avqust 2009-cu il tarixdə Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının katibliyinə daxil olan şifahi məlumatda məhkum Hasan Tarım Yakup barəsində həmin kollegiyanın 9 iyun 2009-cu il tarixli qərarının olmasına baxmayaraq, müəssisəyə onun cəzasının Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17 iyul 2009-cu il tarixli qərarı ilə dəyişdirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə əlavə qərar (?!) təqdim edildiyi müəyyən olunub.
Həmin saxta sənəd Ali Məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməsi üçün 25 avqust 2009-cu il tarixdə Baş Prokurorluğa göndərilib. Aparılan istintaqla müəyyən olunub ki, "AzPak Companien" şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov tərəfindən Ali Məhkəmənin 9 iyun 2009-cu il tarixli qərarı saxtalaşdırılıb, məzmununa məhkum Hasan Tarım Yakupun cəzasının yüngülləşdirilərək, guya, sonuncunun cəzasının 3 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunduğu barədə yalan məlumatlar daxil edilib.
Təhqiqat nəticəsində Kənan Şərifovla birlikdə bu əməli törədən Kənan Qafarov və Füzuli Orucov da saxlanıblar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 iyun 2010-cu il tarixli hökmü ilə Füzuli Orucov 12 il, Kənan Şərifov 9 il və Kənan Qafarov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin hökmlə razılaşmayan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini təmin edərək, Füzuli Orucovun cəzasını 12 ildən 10 ilə, Kənan Şərifovun cəzasını isə 9 ildən 7 ilə endiriblər. Kənan Qafarovun barəsində çıxarılan hökm isə dəyişilmədən saxlanılıb. Saxtakarlıq da dələduzluqdur, bunlar ağır cinayətlər olmasa da, bağışlanan cinayət deyil.
|