"ANAMIN QATİLİ MƏN DEYİLƏM"
 |
Lakin istintaqda bunu etiraf etmişdi...
Şənbə, 28.08.2010
|
|
Qəsdən adam öldürməkdə ittiham olunan Laçın Hüseynov (1978) və Əli Salayevin (1983) məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən şəxslər Laçın Hüseynovun anası Tamilla Quliyevanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunublar.
Laçın Hüseynov ibtidai istintaq zamanı etirafedici ifadə vermişdi. İndi isə məhkəmədə bildirir ki, anasının ölümü ilə bağlı ifadəni ondan döyə-döyə alıblar. Anasını qətlə yetirmədiyini və hadisə vaxtı, ümumiyyətlə, evdə olmadığını iddia edir.
Lakin məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs qismində dindirilən Laçın Hüseynov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, anasını qətlə yetirməsinə səbəb sonuncunun onu ailəsindən ayırmağa çalışması idi.
...Laçın bir neçə il əvvəl Qətibə Şahsuvarova ilə rəsmi nikaha girib və onların iki övladı dünyaya gəlib. İlk vaxtlar hər şey öz qaydası ilə davam edirmiş. Lakin Laçının anası Tamillanın ailənin işlərinə yerli-yersiz müdaxilələri vaxt ötdükcə ər-arvad münasibətlərinə təsirini göstərməyə başlayıb. Təqsirləndirilən şəxsin ifadəsinə görə, təbiətcə ötkəm olan anası ailə üzvlərini özünə tabe etməyə çalışırmış. Ona görə də tez-tez gəlini ilə münaqişəsi düşürmüş. Növbəti qalmaqal zamanı isə qayınana ilə sözü çəpləşən gəlin uşaqları ərinin himayəsinə buraxaraq ailəni tərk edir:
"Üç ilə yaxın idi ki, Qətibə bizdən ayrı yaşayırdı. Mən uşaqlara həm atalıq, həm analıq edirdim. Ancaq bununla belə nə arvadımla, nə də onun qohum-əqrəbası ilə əlaqəmi kəsmirdim. Uşaqları tez-tez qayınatamgilə aparıb-gətirirdim. Uşaqlar arabir gecəni orada qalırdılar. Mənim qayınatamgillə münasibəti pozmamağım anamın xoşuna gəlmirdi.
İndi də evdə tez-tez bu mövzuda münaqişələr yaranırdı. Anam məni küçə söyüşləri ilə təhqir edir, onda təqsirləndirirdi ki, mən onu arvad ayağına verirəm. Hətta çox vaxt əlinin altında olan əşyaları başıma da vururdu. Bir sözlə, mənə Qətibənin ailəsi ilə görüşməyi qadağan etmək istəyirdi. Amma mən onun dediklərinə əhəmiyyət vermirdim. Bir gün qaynım Əli bizə gəldi. Dedi ki, uşaqları da götür gəl bizə, Qətibə uşaqları görmək istəyir. Anam bunu eşidəndə əsəbiləşdi, dedi ki, heç yerə getməyəcəksən. Mən onu birtəhər sakitləşdirdim. Sonra uşaqları geyindirib, Əliyə qoşularaq onlara getdim.
Gecəyarısına kimi qayınanamgildə oldum, şam yeməyi vaxtı araq içdim. Uşaqlar yatdıqlarından onları oyatmadım və evə Əliylə qayıtmalı oldum. Anam bizi qapıda qarşıladı, mənim üstümə qışqırdı ki, hardan gəlmisən, itil ora da get. Ortaya dava-dalaş düşməsin deyə, anama cavab qaytarmadım. Ancaq anam məndən əl çəkmədi. Belə olan halda mən qaynımdan mətbəxdən bıçaq gətirməsini xahiş etdim. Əli əvvəlcə tərəddüd etdi, ancaq sonra mətbəxə keçib mənə bıçaq gətirdi. Mən anamdan sonuncu dəfə susmasını tələb etdim. Əksinə, səsini bir qədər də qaldırdı və məni daha kəskin sözlərlə söyməyə başladı. Əsəblərimi cilovlaya bilməyib ona bıçaq zərbəsi vurdum. Anama neçə zərbə vurduğum yadımda deyil, onun öldüyünü yəqin edəndən sonra bıçağı kənara tulladım, vanna otağına keçib yuyundum. Bir az özümə gələndən sonra evi yandırmaq qərarına gəldim, Əli mənim tapşırığımla alışqan gətirdi. Meyiti mələfəyə büküb üstünə nöyüt tökdüm, sonra qəzet parçasını alışqanla yandırıb üstünə atdım. Evdən çıxıb qapını bağladıq, Əli dərhal oradan uzaqlaşdı, mənsə bir az küçədə gözləyəndən sonra evə tərəf addımlamağa başladım. Bu vaxt qonşularla rastlaşdım, evə girib səs-küy saldım ki, anam yanır. Qonşular bu barədə polisə xəbər verməyi məsləhət gördülər. Polisdə mənimlə söhbət aparılanda elə ilkin dindirmədə cinayəti etiraf etdim. Əvvəlcə Əlinin adını verməsəm də, sonrakı dindirmələrdə onun da hadisə yerində olduğunu ağzımdan qaçırdım".
Təqsirləndirilən şəxs qismində dindirilən Əli Salayev də ibtidai istintaq zamanı sözügedən cinayətdə iştirak etdiyini göstərib. Lakin məhkəmədə bunu inkar edərək söyləyib ki, hadisə baş verən gecə Laçın onların evində gecələyib, o özü isə həmin gecə dostları ilə birlikdə internet klubda olub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə isə bu yeni alibilərə inanmayıb. Laçın Hüseynov 15, Əli Salayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər...
|
|
|
|
|
|
|