çap et  
Hərbisənaye əməkdaşlığını gücləndiririk
CAR-da müştərək istehsala dair müqavilələr imzalanacaq
Şənbə, 28.08.2010


Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək Afrika Aerokosmik və Müdafiə - "AAD-2010" müdafiə sərgisi çərçivəsində Azərbaycanla bir neçə xarici şirkət arasında müştərək istehsala dair müqavilə imzalanması nəzərdə tutulur. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, sentyabrın 21-dən 25-dək davam edəcək sərgi çərçivəsində imzalanacaq bu müqavilələrdən biri "Paramount Group" şirkəti ilə yeni texnikaların istehsalına dair olacaq. Başqa bir müqavilənin isə "Paramount Group"la aviasiya sektorunda əməkdaşlığa dair olacağı bildirilsə də, müqavilənin ümumilikdə özündə nəyi ehtiva edəcəyi açıqlanmayıb.

Mənbənin məlumatına görə, sərgi çərçivəsində Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə görüşlər və əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl "Paramount Group" aviasiya texnologiyaları və təyyarələrin istehsalı üzrə ixtisaslaşmış "Aerosud" şirkətinin səhmdarları sırasına daxil olub. Şirkətin direktoru Con Kreyq də APA-ya açıqlamasında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə bir yerdə digər layihələri nəzərdən keçirdiklərini bildirib. Şirkət rəsmisi aviasiya və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi üçün işlər aparıldığını vurğulayıb.