|
|
Qazaxıstan taxıl ixracatçıları sırasından çıxır
Şənbə, 28.08.2010
|
|
mətn ölçüsü |
|
|
|
Deyəsən, Azərbaycan başqa ölkələrdən baha qiymətə taxıl almağa məcbur qalacaq. Məsələ belədir: Rusiya 2010-2011-ci ildə 5 milyon tondan artıq taxıl idxal edəcək və taxılı əsasən Qazaxıstandan almağı planlaşdırırlar. Qazaxıstan KTN isə 2010-2011-ci illərdə 13.5-14.5 milyon ton məhsuldarlıq olduğu halda, 8 milyon ton taxıl ixrac edəcəyini açıqlayıb. Bunun 2 milyon tonu Rusiya, İran və digər ölkələr üçün nəzərdə tutulur.
Rusiya ilin sonuna qədər taxıl ixracının dayandırılması barədə qərar qəbul etsə də, bu ölkənin 2011-ci ilin əvvəlində də taxıl ixracını bərpa edəcəyi gözlənilmir. Rusiyanın Qazaxıstandan taxıl idxal etmək niyyəti də bundan xəbər verir. İndi Qazaxıstan da növbəti il üçün taxıl ixracatını azaltmaq niyyətinə düşüb. Nəzərə alsaq ki, Rusiya Qazaxıstanın əsas taxıl idxalçılarından birinə çevrilib və Rusiyanın Qazaxıstandan aldığı taxılın həcmi Azərbaycanın taxıla olan tələbatından təxminən iki dəfə çoxdur, bu halda Qazaxıstanın digər ölkələrə taxıl ixrac etməklə bağlı probleminin yaranması istisna deyil.
Rusiya və Qazaxıstanın taxıl ixracatçıları sırasından çıxması Azərbaycanda taxıla olan tələbatda problemlər yarada bilər. Əvvəla, bizim iş adamları Rusiya və Qazaxıstandan taxıl idxalında "ixtisaslaşıblar". Ən əsası da odur ki, regionda ən ucuz taxılı Qazaxıstan təklif edir. İdxal üçün yeni ölkələrin tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstandan deyil, başqa ölkələr hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək. Bu da həmin məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq.
Hələlik nə Taxıl Fondu, nə Nazirlər Kabineti, nə də KTN buğdaya olan tələbatın ödənilməsi, eləcə də taxıl qıtlığının yaranmaması ilə bağlı addım atmayıblar. Baxmayaraq ki, KTN Nazirlər Kabinetinə taxıl idxalına tətbiq edilən əlavə dəyər vergisinin sıfr dərəcə ilə tətbiq edilmə xahişi ilə müraciət edib.
Arayış: taxıla olan illik tələbatımız 3 milyon ton, ərzaq buğdasına tələbat isə 1 milyon 650 min tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox taxıl istehsal olunub. Daxili istehsalla yanaşı ölkəyə xaricdən taxıl, buğda idxalının həcmi artırılıb.
Kölgə iqtisadiyyatının payı artır
Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənir.
Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. Dünya Bankı 151 ölkə haqqında hesabat açıqlayıb. Hesabata görə, 1999-2007-ci illərdə aparılmış tədqiqatın nəticəsinə görə, bütün dünyada kölgə iqtisadiyyatının payı artmaqda davam edir. Hazırda ÜDM-in 35,5%-i həddinə çatıb. 1999-cu ildə bu göstərici 32,9% təşkil edib. Ən az kölgə iqtisadiyyatı İsveçrədə (8,6%), ABŞ-da (8,8%), Avstriyada (9,8%) və Lüksemburqda (9,9%) qeydə alınıb. Bu göstəricinin Gürcüstanda (70%), Boliviyada (68,1%) və Azərbaycanda (63,3%) daha yüksək olduğu müşahidə edilib. Bütün reytinq cədvəllərində ön sıralarda olan Baltikyanı ölkələrdə də vəziyyət ürəkaçan deyil. Latviyada 1999-cu ildə kölgə iqtisadiyyatının payı 39,6% idisə, 2007-ci ildə onun payı 44,3%-ə yüksəlib. Latviya 109-cu yerdədir. Nisbətən yaxşı vəziyyət Litvadadır. 151 ölkə arasında 64-cü olan Litvada ÜDM-in 31,9%-i həcmində qanunsuz dövriyyə mövcuddur. Estoniya isə 40,3% göstərici ilə Latviyadan 7 pillə aşağıda - 102-ci yerdədir. Qonşu Rusiyada bu göstərici 48,6% təşkil edir. Şimal qonşumuz cədvəldə 130-cu yerdədir. Ukrayna 145-ci (54,9%), Belarus 136-cı (49,8%) yeri tutub. Bankın məlumatına görə, 151 ölkə arasında yalnız 11 ölkədə kölgə iqtisadiyyatının payı azalıb.
|
|
|
|
|
|
|