çap et  
Ermənistana qaz kəmərini özəlləşdirmək təxirə düşdü
Ermənistana qaz kəmərini özəlləşdirmək təxirə düşdü
Amma tender baş tutarsa, Azərbaycan onda iştirak edəcək
Şənbə, 28.08.2010


A.Əhməd

Gürcüstan hökuməti Şimal-Cənub magistral qaz kəmərinin səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmaq fikrini dəyişdi. Ölkənin energetika naziri Aleksandr Xetaquri bununla bağlı açıqlama versə də, kəməri satmaq fikirlərini niyə dəyişdiklərinə aydınlıq gətirməyib. Lakin bəlli olub ki, bu ilin sonu 2011-ci ilin əvvəli üçün planlaşdırılan tender təxirə salınıb. Tenderin nə zaman keçiriləcəyi məlum olmasa da, kəməri almaq istəyən iddiaçı tərəflərin maraqları azalmayıb. Əksinə, müxtəlif ölkələrin şirkətləri maraqlarının müdafiəsi naminə siyasət yürütməkdə davam edirlər. Çünki gec, ya tez, kəmərin səhmlərinin özəlləşdirilməyə çıxarılacağı gözləniləndir.

Məlumat üçün bildirək ki, şimal-cənub magistral qaz kəməri Gürcüstan ərazisindən keçərək Rusiya və Ermənistanın qaz xətlərini birləşdirir. Ermənistanın qazla təminatının böyük bir hissəsi məhz Şimal-Cənub magistral kəməri vasitəsilə həyata keçirilir. Hazırda Ermənistan iki qonşu ölkədən qaz idxal edir. Gürcüstandan keçməklə Rusiyadan və İrandan. Lakin İran mavi yanacağı Ermənistanın daxili ehtiyaclarını ödəmək üçün satmır. İran qazı Ermənistan ərazisində emal edərək, elektrik enerjisi halında geri qaytarır.

Şimal-Cənub magistral kəmərinin özəlləşdirilməsində Dövlət Neft Şirkəti ilə yanaşı, Rusiyanın "Qazprom" və Qazaxıstanın "Qazmunayqaz" şirkətləri də iddialı tərəf kimi çıxış edir. Erməni agentliklərinin yazdıqlarına görə, bu obyektin Azərbaycana istismara verilməsi ölkənin enerji təhlükəsizliyini ciddi zərbə altına ala bilər. Bunun üçün də Ermənistan qəti şəkildə xəttin "Qazprom"a verilməsinin tərəfdarı qismində çıxış edir.

Bəllidir ki, Rusiyanın "Qazprom" şirkəti böyük maliyyə aktivlərinə malik olsa da, onun inhisarçı imici və bölgədə daimi olaraq enerji ehtiyatlarının nəqlində tərəfdaşlarına problemlər yaratması kommunikasiya şəbəkəsini ələ keçirməsinə maneə yaradır. Ukrayna, Belarus, Şərqi Avropa ölkələrinin timsalında bu davranış dəfələrlə özünü göstərib. Bundan başqa, "Qazprom"un səhmləri Rusiyanın indiki hakimiyyətinə məxsusdur və mövcud iqtidarla Gürcüstan hakimiyyəti arasında münasibətlər çox pis vəziyyətdədir. Bölgədəki geosiyasi-hərbi gərginlikdə Rusiyanın yaratdığı vəziyyəti yaddan çıxarmayan Gürcüstan özünün böyük bir enerji sistemini həmin ölkə tərəfindən ələ keçirilməsini çox güman ki, istəməz. Gürcüstan hökuməti enerji sisteminin satılmasına həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən yanaşır və buna görə də rusların kəməri almaq şansı azalmış olur.

Qazaxıstana gəlincə, bu ölkənin Gürcüstanla heç bir problemi yoxdur. Hər iki ölkə arasında səmimi münasibətlər və iqtisadi-siyasi əlaqələr mövcuddur. Son illərdə dövlətlər arasında iqtisadiyyat və enerji sahəsində yaxşı əməkdaşlıq münasibətləri qurulub. Buna görə də "Qazmunayqaz" şirkətinə qarşı bu ölkədə hansısa qısqanclıq doğurası bir səbəb yoxdur. Yəni qazax şirkətinin də Şimal-Cənub magistral kəmərinin özəlləşdirilməsində üstünlüyü az ola bilməz və onun bu kəməri almaqda iştirakı gözlənilən idi. Kəmər satışa çıxarılan zaman Azərbaycan şirkətinin kəməri alması strateji və iqtisadi baxımdan əhəmiyyətlidir.

Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "Socar Corcia" 2009-cu ilin yekunlarına görə, Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət olub. "Socar Corcia" Gürcüstanda kifayət qədər böyük işlər həyata keçirir. O baxımdan "Socar Corcia"nın qaz kəmərinin alışında iştirakı istisna edilmir.

Amma Azərbaycanın Dövlət Neft Şirkətinin "Qazmunayqaz"la müqayisədə Gürcüstanın yanacaq bazarında aktiv iştirakı və böyük neft-qaz emalı kompleksinə malik olması nisbətlər balansında qazax şirkətinin geri qalmasını şərtləndirmiş olur. Digər tərəfdən, son illərdə ARDNŞ bölgə ölkələrində həddən artıq geniş kommunikasiya infrastrukturlarına sahib olub, özünü dünya miqyaslı enerji şirkəti kimi təsdiq edib. Neft Şirkətinin magistral qaz kəmərlərinin istismarında böyük təcrübəsi var. ARDNŞ bu gün qonşu ölkənin qazla təmin olunmasında xüsusi paya malikdir. Gürcüstan hökuməti də ölkənin etibarlı və davamlı yanacaqla təzhizatında ARDNŞ-dən başqa partnyor tapa bilməyəcəyini yaxşı anlayır. Türkiyə, Gürcüstan və Rumıniyada nümayəndəliklərə malik olan ARDNŞ artıq Londonda birbaşa satışlar üzrə nümayəndəliyini açmağa hazırlaşır. Eyni zamanda, şirkətin Yunanıstanda nümayəndəliyinin açılması üzrə iş aparılır. Bütün bu amillər Azərbaycanın nüfuzlu enerji şirkətinin beynəxalq bazarlarda səhmdar kimi mövqeyini artırır.

Bir neçə ildir bizim Neft Şirkəti Türkiyə, Gürcüstan, Moldova və Rumıniyada neft emalı müəssisələrinə böyük həcmdə sərmayə qoyaraq bu dövlətlərin enerji-kommunikasiya sistemlərinə nəzarət səlahiyyətləri əldə edib. Qonşu Gürcüstanın kommunikasiya sistemləri və enerji bazarının böyük bir hissəsinə də məhz ARDNŞ nəzarət edir.

Yerli ekspertlər bu qənaətdədirlər ki, Azərbaycan şirkətinin kəməri alacağı halda Ermənistanın qazsız qalacağı ilə bağlı açıqlamalar sadəcə kampaniya xarakteri daşıyır. Azərbaycan və ya hər hansı bir ölkənin şirkəti kəməri aldıqdan sonra Ermənistana mavi qaz nəqlini dayandırmayacaq. Çünki gözləniləndir ki, kəməri satan zaman mavi qazın Ermənistana nəqlinin dayandırılmaması Gürcüstan tərəfinin əsas şərtlərindən biri olsun. Amma bununla belə kəməri alan şirkət qazın tranzit tariflərini müəyyənləşdirmə hüququna malik olacaq. Bu həm də tarifləri müəyyənləşdirməklə, Ermənistanda qazın qiymətinə təsir imkanı qazanmağa şərait yaradacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri qaz kəmərinin səhmlərini özəlləşdirməyə çıxarmanın təxirə düşməsinə 2 səbəb göstərirlər. Onlardan birincisi Rusiyanın "Qazprom" şirkətinin bu səhmlərin alınmasında fəallıqla iştirak niyyətidir. Bu, Gürcüstan hökumətində müəyyən narahatlıq yaradıb. Gürcüstan rəsmiləri hesab edir ki, səhmlərin "Qazprom" tərəfindən alınması gələcəkdə həmin kəmərdən Gürcüstana qarşı istifadə edilmə imkanlarını artırır. Ümumiyyətlə, Gürcüstan Rusiyanın səhmləri alacağından ehtiyat edir. Baxmayaraq, bu ehtiyatlılıq bir neçə il əvvəl də var idi. Lakin o zaman Gürcüstan hökumətinin özü bildirmişdi ki, söhbət kəmərin 15 faizlik hissəsinin satışından gedir.

Xatırladaq ki, 2006-ci ildə Rusiya sözügedən kəmərin alınması ilə bağlı Gürcüstana 250 milyon dollar təklif etmişdi. Hökumət "Qazprom"un təklifini qəbul etməmişdi. Eyni zamanda, kəmər üçün "Qazprom"dan 1 milyard dollar istəmişdilər. Qarşı tərəf bu məbləği kifayət qədər böyük rəqəm kimi qiymətləndirmişdi. Və danışıqlar bununla da dayandırılmışdı. Əslində kəmərin iqtisadi baxımdan rentabelli olması, strateji əhəmiyyətini qoruyub saxlaması üçün rentabelli qiymət yarım milyard intervalındadır.

Neft Şirkətinin özəlləşdirməyə çıxarılan səhmlərin alınmasında maraqlı olması, eləcə də bunun üçün artıq vəsait ödəmək niyyəti ilə bağlı məlumatlar Qərbin Gürcüstan hökumətinə təzyiqlərinin artması ilə nəticələnib. Qonşu ölkə qərarına korrektələr etmək məcburiyyətində qalıb. Bəzi Qərb dövlətləri səhmlərin Azərbaycan şirkəti tərəfindən alınmasında maraqlı deyil. Güman edirlər ki, belə bir addımın atılması regionda balansın pozulmasına gətirib çıxarar. Eyni zamanda bu, Azərbaycanın Ermənistan üzərində strateji üstünlüyünə səbəb olar.

Sözsüz, kəmərin rentabelli olma ehtimalı böyükdür. Ermənistanın yaxın illərdə qonşu ölkələrdən qaz idxal etmək imkanları yoxdur. O baxımdan Rusiya qazından birmənalı şəkildə asılıdır. Rusiya qazının Erməistana nəqledilmə yolu isə yalnız Gürcüstandan keçir. Bunları nəzərə aldıqda kəmərin rentabelli olması imkanları genişdir. Amma proseslər Gürcüstan hökumətinin qaz kəmərini hansı qiymətlərlə satışa çıxaracağından asılıdır.

Ekspertlərin fikrincə, Azərbaycan şirkəti kəmərin alınmasında iştirak niyyətindədirsə, o zaman satışla bağlı xərc-gəlir təhlilinə ehtiyac var. Əgər kəmər tenderə kifayət qədər baha qiymətə çıxarılacaqsa, o zaman bu iqtisadi baxımdan rentabelli olmayacaq.