Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunları başa çatıb. 205 ölkədən 3600 idmançının qatıldığı yarış Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, 12 nəfərlə Olimpiadada iştirak edən komandamız medal qazanan ölkələr siyahısında 11-ci yeri tutaraq, ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini qabaqlamağı bacarıb. Müqayisə üçün bildirək ki, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Ukraynadan geri qalıb. Komandamız Avropa ölkələri arasında isə 6-cı nəticə göstərib.
Medal qazanan ölkələr arasında 1-ci yeri Çin atletləri tutublar. Onlar 30 qızıl, 16 gümüş və 5 bürünc medala sahib olublar. 45 medal qazanan (19 qızıl, 15 gümüş və 11 bürünc) Rusiya ikinci, 20 medala sahib çıxan (11 qızıl, 5 gümüş və 4 bürünc) Cənubi Koreya yığması isə üçüncü olub.
Olimpiadada milli komandamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqemodabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) gümüş medala yiyələniblər.
|