![]() |
çap et |
|
|||
Bu gün Unibank Premyer Liqasında IV turun oyunlarına start veriləcək. Turun əsas qarşılaşması "Şəfa" stadionunda keçiriləcək. İlk iki pillədə yer alan "Neftçi" və "İnter" son ölkə çempionunun meydançasında görüşəcəklər. Turda aşağıdakı matçlar baş tutacaq: "Muğan" - "Gəncə", "Simurğ" - "Turan", "İnter" - "Neftçi", "Qəbələ" - MOİK, AZAL - "Xəzər-Lənkəran".
Ötən turda isə meydana çıxan komandalar onlar üçün maksimum olan 5-ci pillə üçün mübarizə aparıblar. Belə ki, bu klubların 4-ü hələ də qələbə həsrətində idi. Onlardan yalnız ikisi istəyini reallaşdıra bildi. Ev oyunlarını keçirdiyi Suraxanı qəsəbə stadionunda "hərbçilər"in qonağı olan "Qarabağ" Dortmunddakı "Borussiya" şokundan ayılaraq minimal hesablı qələbə qazandı. Qurban Qurbanovun komandası Premyer Liqada ilk qələbəsini Georgi Adamiyanın qolu ilə bayram etdi. Bu tura qədər MOİK-dən geri qalan "Muğan" Tovuz səfərində mövqeyini daha da yaxşılaşdırmaq istəyini 1 xal qazanmaqla gerçəkləşdirdi. Həsrətində olduğu ilk xalı qazanan "Turan" sonuncu pillədən xilas olmağı bacardı. Turun son matçında isə "Bakı" və "Qəbələ" məğlubiyyət seriyasını qırmağa çalışıblar. Qonaqların erkən qolla hesabı açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Paytaxt təmsilçisinin qələbə topunu ilk turda dubla imza atan Jaba vurub. Bu, Vinfred Şaferin rəhbərliyi altında daxili yarışlarda qazanılan ilk qələbə olub. Toni Adamsın yetirmələri isə ingiltərəli mütəxəssisin rəhbərliyi altında üçüncü məğlubiyyətini alıblar. Bu qarşılaşmalar qırmızı vərəqələrlə zəngin olub. Ehtiyat oyunçular skamyasından qovulan Xalidu Sissoko "Bakı"nın, Milan Antiçlə, Lyubo Baranin qonaqların heyətində cəzalanıblar. Xatırladaq ki, turun ilk günündə 3 matç keçirilib. Bunların yalnız birində qələbə qeydə alınıb. Turnir cədvəlinin liderləri bu dəfə xal itkisinə məruz qalıblar. AZAL səfərdə "Gəncə" ilə görüşün ilk yarısında hesabda geri qalsa da, ikinci hissədə məğlubiyyətdən qaçıb. "Xəzər-Lənkəran"la "İnter"in duelində isə qapılara qol vurulmayıb. Bu nəticələr daha çox "Neftçi"nin işinə yarayıb. Belə ki, "flaqman" ölkənin baş arenasında "Simurğ"u darmadağın edib. "Neftçi"nin özbəkistanlı legioneri Bahodur Nasimov 3 qol vurmaqla, çempionatın ilk het-trikinə imza atıb. Beləliklə, 3 turdan sonra 4 komanda - "Neftçi", "İnter", "Xəzər-Lənkəran" və AZAL 7 xalla liderlik edirlər. Topların daha yaxşı fərqinə görə "Neftçi" birinci pillədədir. III turun nəticələri: Gəncə - AZAL - 1:1, "Xəzər-Lənkəran" - "İnter" - 0:0, "Neftçi" - "Simurğ" - 4:0, MOİK - "Qarabağ" - 0:1, "Turan" - "Muğan" - 1:1, "Bakı" - "Qəbələ" - 2:1. |