Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsinin birinci dövrəsi başa çatıb. Kişilərdən ibarət yığma komandamız bu yarışlar çərçivəsində son oyununu keçirib. Albaniya, İsveç, Rumıniya və Belarus millisi ilə eyni qrupda mübarizə aparan yığmamızın növbəti oyunu Bakıda baş tutub.
Əvvəlki üç matçını qələbə ilə başa vuraraq, qrupa şəriksiz liderlik edən yığmamız qrupun favoritlərindən sayılan və yarış çərçivəsində millimizin ən yaxın izləyicisi olan İsveçi qəbul edib. Skandinaviyalılara yalnız iki hissə müqavimət göstərən yığmamız qarşılaşmada 73:101 hesabı ilə məğlub olub.
Son oyundakı məğlubiyyətə baxmayaraq, ilk dövrəni Azərbaycan yığması üçün uğurlu saymaq olar. Çünki indiyə kimi keçirdiyimiz 4 oyunda İsveç millisi rəqiblərimiz arasında ən güclüsü idi. Belə ki, Albaniya, Rumıniya və Belorus yığmaları ilə müqayisədə skandinav təmsilçiləri tam fərqli oyun nümayiş etdirdilər. Digər tərəfdən komandamız arxayınlıq və fiziki cəhətdən zəifliyin qurbanı oldu. Yeri gəlmişkən, İsveç millisi A seriyasını iki il əvvəl tərk edib. İsveç komandası güclülər dəstəsində mübarizə apardıqları vaxt isə Türkiya yığmasına hər iki oyunda qalib gəlib.
Bütün bunlara baxmayaraq, komandamız növbəti mərhələyə çıxmaq şansını itirməyib. Yığmamız II dövrədə 2 və ya 3 qələbə qazanaraq ilk 2 pillədə qərarlaşa və növbəti mərhələyə vəsiqə qazana bilər.
Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunun II dövrəsinə 2011-ci il avqustun 6-da start veriləcək. İlk dövrədən sonra 7 xalla üçüncü pillədə qərarlaşan Azərbaycan yığması 5-ci görüşünü öz meydançasında keçirəcək. Həmin oyunda Albaniya basketbolçuları ilə üz-üzə gələcəklər. Elxan Əliyevin yetirmələri avqustun 12-də Belarusa səfər edəcəklər. Komandamız növbəti iki oyunda isə Rumıniya (evdə) və İsveçlə (səfərdə) qüvvəsini sınayacaq.
|