çap et  
Urmiya gölündən quraqlıq təhdidi
Urmiya gölündən quraqlıq təhdidi
Bu su hövzəsi qonşu dövlətlərin torpaqlarını da şoranlaşdırır
Şənbə, 28.08.2010


İran hökumətinin vədlərinə baxmayaraq, Urmiya gölü ilə bağlı yaranmış ekoloji problem aradan qalxmayıb. Qərbi Azərbaycan əyalətində yerləşən bu göl yeni böhranlı vəziyyət doğurur. Xəbərlərə görə, gölün suyu ənənəvi rəngindən başqa bir rəng alıb. Yarım ay öncədən başlayan bu rəngdəyişmə prosesinin səbəbi hələ də müəyyənləşməyib.

Bu hadisə ilə bağlı iki fərziyyə irəli sürülür: 1) səbəb gölə axıdılan çirkab sularıdır; 2) gölün suyu azaldığından onun tərkibində duzun miqdarı artıb.

Bundan başqa, ekoloqlar bildirir ki, Urmiya gölündə yaranmış bu qorxunc problem qısa bir zamanda aradan qalxmazsa, bu su hövzəsi xəritədən ümumiyyətlə silinəcək. Onların fikrincə, göl quruyarsa, oradan küləyin havaya qaldıracağı duzlar Şərqi və Qərbi Azərbaycanda, eləcə də digər yaxın əyalətlərdə, hətta qonşu Azərbaycan Respublikası, Türkiyə və Ermənistanda minlərlə hektar torpaq sahəsini quruda və ya şoranlaşdıra bilər.

"Amerikanın səsi" radiosunun bildirdiyinə görə, Urmiya gölündə su səthinin rəngi dəyişərək, qırmızı rəng alıb. Yerli sakinlər buna təbiətin möcüzəsi kimi baxır. Bu barədə xəbərlər, filmlər, şəkillər Təbriz radiosu, televiziyası, qəzetlər, türk və farsdilli bloqlarda yayılıb.

Güney Azərbaycandan olan bir ekoloq radioya müsahibəsində bildirib ki, Urmiya gölünün rənginin dəyişməsinə "xalo bakter" adlı bir bakteriyanın səbəb olduğu ehtimal edilir. Onun sözlərinə görə, suyun şorluğu hər litrdə 400 qramdan artıq olanda həmin bakteriya əmələ gəlir və suyun rəngi qırmızıya boyanır.

Təbriz televiziyasının məsələyə dair yaydığı xəbərdə isə iddia olunur ki, suyun rənginin qırmızıya boyanmasına səbəb su hövzəsinin dibindəki yosunlardır. Bu versiyanın hakimiyyət tərəfindən ortaya atıldığı deyilir. Onların iddia etdiklərinə görə, gölün dibindəki yosunlar həm insan, həm də heyvanlar üçün zərərlidir. Bir çox mütəxəssis hakimiyyətin bu versiyasına qarşı çıxış edib. Onların qənaətincə, bir litr suda 400 qram duz olarsa, o zaman göldə heç bir canlı, heyvan və ya bitki mövcud ola bilməz. Elə bu səbəbdən də iranlı ekoloqlar Urmiya gölünün "ölü gölə" çevrilməkdə olduğunda israr edirlər.

Əvvəllər göldə "Urmiya artimiyası" adlanan canlı yaşayırdı. Suyun şorluğunun artması artimiyaları da duza döndərib. Yerli ekoloqların fikrincə, Urmiya gölü quruyarsa, hövzədəki milyonlarla ton duzun günəş altında qalması nəticəsində buludların yaranmasına mane olan "yon kulor" adlanan maddə əmələ gələr. Bu isə yağışların yağmayacağı deməkdir.

"Onda Şərqi və Qərbi Azərbaycandan başqa, Türkiyə, Azərbaycan Respublikası və Ermənistan da eyni təhlükə, yağışın yağmaması ilə üzləşəcək", - deyə iranlı mütəxəssis radioya müsahibəsində söyləyib.

Bir neçə il öncə Urmiya və Şadgan göllərində araşdırma aparılması məqsədi ilə BMT-nin İnkişaf Proqramı 7 milyon dollar ayırmışdı, İran İslam Respublikası isə 14 milyon dollar maliyyə vəsaiti ayıracağını bəyan etmişdi. Bu gün tədqiqatlar başa çatmış olsa da, vəziyyət dəyişməyib.

Xatırladaq ki, İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da, ötən 5 ay müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı heç bir iş görülməyib. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi də etiraf etmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: "Yaranan komissiya gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik".

Qısa arayış

Urmiya gölü həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi bir vaxt 20-24 milyard kubmetr idi. Onun eni 40 km, uzunluğu isə 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir. Qədim türk dilində bu gölün adının mənası "suda yaşayış yeri" anlamını verir. Başqa sözlə, türklər bu gölün ətrafında həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq ona bu sayaq ad veriblər...

1967-ci ildə YUNESKO Urmiya gölünü təbii qoruq elan etmişdir. Bundan başqa, BMT gölü qorunan təbii ərazilər siyahısına salıb. İndi isə bu su hövzəsi nə BMT-nin, nə də İran hakimiyyətinin yadına düşür.