çap et  
Özü benzini xaricdən alır
Özü benzini xaricdən alır
Amma Ermənistana benzin satmaq fikrinə düşüb
Şənbə, 28.08.2010

S.Sədrəddin

İran rəhbərliyi neft məhsullarının idxalı ilə bağlı problem olmadığını bəyan etsə də, gerçəklik fərqlidir. Bu vəziyyəti "Amerikanın səsi" də təsdiq edərək bildirdi ki, ölkədə neft məhsulları çatışmazlığı yaşanır. Yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələrin olduğunu vurğulayan mənbənin bildirdiyinə görə, hakimiyyət yanacaqla bağlı problemin mövcudluğu faktını təkzib edir.

İranın OPEK təmsilçisi Məhəmməd Əli Xətibi BMT, ABŞ və Avropa Birliyinin İslam Respublikasına qarşı tətbiq etdiyi yasaqların "benzin alınması üçün heç bir maneə yaratmadığını" iddia edir.

Ölkənin nəqliyyat və yanacaq komitəsinin başçısı Məhəmməd Ruhanian da yanacağın bahalaşdığı faktını inkar edir. Onun sözlərinə görə, vətəndaşlara verilən gündəlik yanacaq kvotasında və qiymətlərdə heç bir dəyişiklik yoxdur.

Ancaq heç kimə sirr deyil ki, sonuncu, 4-cü sanksiyadan sonra dünyanın bir sıra aparıcı şirkətləri "Total", "Lukoyl", habelə Malayziya, Hindistan və Çin son həftələr ərzində İslam Respublikasına neft məhsullarının ixracını ya azaldıb, ya da tamamilə kəsib. Təl-Əvivdəki MEEPAS iqtisadi və siyasi araşdırma mərkəzinin təmsilçisi Meyr Yavendafarın sözlərinə görə, Türkiyədən də İrana göndərilən yanacağın qiyməti artıb: "Röyter"in son məlumatına əsasən, İran hazırda Türkiyədən benzini bazar qiymətindən 25 faiz baha alır".

Bəzi mənbələr xəbər verir ki, ölkədə benzinin qiyməti 40 sentdən 80 sentədək bahalaşıb.

İran prezidenti Mahmud Əhmədinejad bu yaxınlarda bildirmişdi ki, beynəlxalq sanksiyalar neft məhsullarının idxalına təsir göstərməyib və bu istiqamətdə göndərişlər artıb.

Neft nazirinin müavini Əlirza Zeyğami isə ötən ay dedi ki, hökumət yeni neftayırma zavodlarının tikintisinə 26 milyard dollar xərcləyəcək. Bu layihə gerçəkləşəcəyi halda, daxili bazarın tələbatının 70 faizi təmin oluna bilər.

Bu arada isə İranda benzinə olan tələbat günü-gündən artmaqdadır. Nazir müavininin sözlərinə görə, gündə ümumilikdə 12 milyon litr benzin istifadə edilir. Hazırda ölkədə 44 milyon litr benzin istehsal olunur. Səddam Hüseynin hakimiyyəti illərində İraqa tətbiq edilmiş iqtisadi sanksiyalar ucbatından bu ölkəyə bütün məhsullar qaçaqmalçılıq yolu ilə gətirilir və çıxarılırdı. Belə bir vəziyyət uzun sürmədi. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti bir sıra malları, o cümlədən yanacağı qanunsuz yolla əldə etməyə səy göstərir. Bir çox hallarda buna nail olur. Həmin "kanal"lar aşkarlandıqdan sonra ölkənin vəziyyəti necə olacaq?

Yeri gəlmişkən, daha bir məsələ. Tehran hakimiyyəti belə bir mürəkkəb vəziyyətində Təbrizdə neftayırma zavodu tikərək, orda emal olunan benzini boru kəməri ilə Ermənistana ötürməyi nəzərdə tutan layihənin peşindədir. İndiki şəraitdə İslam Respublikası rəhbərliyinin bu sayaq bəyanatı "blef"ə daha çox oxşayır. Amma gündəlik tələbat mallarından əziyyət çəkən Ermənistana Əhmədinejad hökumətinin ərzaqla yardım etdiyi haqda xəbərlər həqiqətə daha çox oxşayır...