Fehruz Şəmiyev: "Maraqlı film, maraqlı yarışma ən vacib şərtdir"
 |
Kinematoqrafiyamızın gələcəyinə nikbin baxış
Şənbə, 28.08.2010
|
|
"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və "Start" Beynəlxalq Tələbə filmləri Festivalının direktoru Fehruz Şəmiyev ixtisasca ssenaristdir. Gürcüstanda "İncəsənətin marketinqi və prodüser" kurslarında iştirak etmişdir. Yəni bu sahəni bilir. Hazırda "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və "Start" Beynəlxalq Tələbə Filmləri Festivalının direktorudur. Özünü daha çox prodüser kimi görür. Söhbətimizdə onların gördükləri işlərlə maraqlanırıq. Fehruz Şəmiyev deyir:
- Mərkəzimiz 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetini bitirmiş kino ixtisaslı məzunlar tərəfindən təsis olundu. İlk layihəmiz 2005-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Kino+" qəzetinin çapı ilə başladı. "MDB və Yaxın Şərq kinosu bu gün" adlı layihə keçmiş sovet respublikasında kinonun vəziyyəti barəsində araşdırma materiallarından ibarət idi. Qeyd edim ki, həmin dövrdə bu sahədə bizim dildə heç bir məlumat yox idi. İran, Suriya, Əfqanistan, Türkiyə kino istehsalının bu günü haqqında da yetərincə geniş materiallar hazırladıq. Bunun ardınca Mərkəz Azərbaycanda kinonun dirçəlməsi, gənc kinematoqrafçıların irəliyə addım atmaları üçün vacib bir layihəni - Səməd Mərdanov adına "Tələbə filmləri festivalı"nı gerçəkləşdirdi. Sonradan bu festival beynəlxalq səviyyəyə çıxdı və hazırda "Start" Beynəlxalq Tələbə Filmləri festivalı adı ilə keçirilir. Bu il artıq 7-ci "Start"a hazırlaşırıq. Qeyd edim ki, festivalın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Sinema" mərkəzidir.
6 il ərzində festivalda 21 ölkənin tələbələri iştirak edib. Bizim festivalda hətta Kann festivalında iştirak etmiş qısa filmlər də yarışıb. Maraqlı film, maraqlı yarışma ən vacib şərtdir. Münsiflər heyəti hər dəfə xarici və yerli mütəxəssislərdən ibarət olur.
- Bu gün çoxları klipmeykerliyə can atır. Bu həm qazanc yoludur, həm də kino çəkmək üçün bir addımdır. Siz necə, heç klip çəkmək fikriniz olubmu, yoxsa birbaşa filmlərə başladınız?
- Bu gün artıq kliplər haqqında az danışılır. Səbəb - kinonun dəbə minməsidir. Yeni filmlərin sayı artır. Fikir versəniz, klipmeyker kimi tanınan insanlar artıq böyük filmlər çəkməyə başlayıblar. Ülviyyə Könül, Elxan Cəfərov və s. Gənc klipmeykerlərin varlığından isə çoxlarının xəbəri yoxdur. Artıq kino öz sözünü deməyə başlayıb. Bu səbəbdən də kimin imkanı varsa, kino ilə məşğul olmağa çalışır. Şəhərdə "sinema" sözünə indi daha çox rast gəlmək olar.
- Azərbaycan kinosunun əsas problemi, sizcə, nədədir?
- Sözsüz ki, problemlər var və onları aradan qaldırmaq üçün zaman lazımdır. Düşünürəm ki, yaxın illərdə Azərbaycan filmləri daha böyük festivallardan əlidolu qayıdacaq. Məncə, kinematoqrafiya sahəsində savadlı kadrlara ehtiyac var. Diqqət yetirsək, bu problemin necə böyüdüyünü görərik. Sovetlər Birliyi dağılıb və Moskvaya 20 ildir rejissorluq oxumağa heç kimi göndərmirik. Yalnız bu ildən Mədəniyyət və Turizm Nazirliyi bu yöndə işlərə başlayıb. Digər tərəfdən, ölkəmizdə peşəkar ssenaristlərin olmaması işləri mürəkkəbləşdirir. Deyirik ki, dünyaya öz mədəniyyətimizlə çıxmalıyıq. Deməli, birinci növbədə həmin mədəniyyəti yaxşı bilən ssenarist olmalıdır. Bu, İran kinosunda da, Türk kinosunda da belədir. Misalları ona görə onlardan gətirdim ki, mədəniyyət olaraq həm bizə yaxındılar, həm də 1990-dan 2005-ci ilə kimi İran kinosu dünyaya yaxşı mənada meydan oxuyub. 2003-cü ildən sonra Türkiyə kinematoqrafiyası Avropanı heyrətləndirməyə başlayıb..
|
|
|
Oxşar xəbərlər:
Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Əyyub Quliyev Çexiya festivalına yollanır
Qəbələdə musiqi festivalı keçiriləcək
"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək
"Qızıl Minbər"in proqramı hazırlanıb
|
|
|