![]() |
çap et |
|
|||
Dünən Azərbaycan Media Mərkəzində "Yaşıl yol" Ətraf Mühiti Monitorinq İctimai Birliyinin "Təmiz şəhər" layihəsi çərçivəsində görülən işlərə dair mətbuat konfransında qorxulu bir fikir səsləndirildi. Onlar Bakıda əhalinin istifadə etdiyi içməli suyun təmizlik dərəcəsini müəyyən etmək üçün Zığ, Abşeron, 20 Yanvar, Xırdalan yaşayış məntəqələrindən nümunələr götürüblər. Bəlli olub ki, bu nümunələrdə xlor və digər maddələr yol verilən normanı bir neçə dəfə üstələyib. Eləcə də havanın çirklilik dərəcəsi yol verilən normanı dəfələrlə üstələyir. Vurğulandı ki, bu da müxtəlif xəstəliklərə səbəb ola bilər. Suda və havada xlor, karbon mono və dioksidlərin və digər tərkiblərin yol verilən normaları üstələməsi vətəndaşların səhhəti üçün ciddi problemlər yaradır. Rövşən Abbasov dedi:
"Baha da olsa, artıq suyun tərkibini yaxşılaşdırmaq üçün azon istifadəsinə keçilməlidir, burada vətəndaşın həyatı müzakirə obyekti olduğu üçün manevrə yer qalmır". Birliyin sədri Rövşən Abbasov qurumun təsis olunmasından 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də dövlət qeydiyyatına alınmamasından narazılığını da ifadə etdi və qurumun qeydə alınmaması üçün Ədliyyə Nazirliyinin göstərdiyi "dəlil"ləri əsassız saydı. Daha sonra həyata keçirdiyi layihə barəda danışan birlik sədri bildirdi ki, layihə ABŞ Dövlət Departamentinin kiçik qrantlar proqramı ilə maliyyələşdirilib, icra müddəti 6 aydır (iyun-avqust və oktyabr-dekabr). Layihənin icrasına 10 min dollar vəsait ayrılıb. Layihə Azərbaycanda, əsasən də paytaxt Bakıda suyun, havanın, torpağın təmizlik dərəcələrinin müəyyən olunmasını nəzərdə tutur. "Təmiz şəhər" layihəsi başa çatdıqdan sonra İctimai Birlik "Bizim küçə" layihəsinin icrasına başlamağı nəzərdə tutur ki, bu da artıq paytaxtın ayrı-ayrı küçələrində, mərkəzində və ucqarında hidro və atmosferin öyrənilməsi deməkdir. Bununla yanaşı, qurum bu yöndə uşaqlar üçün hər hansı bir ədəbiyyatın olmadığına görə uşaqlar üçün elektron təbiət ensiklopediyası yaradıb və bu ensiklopediya saytda yerləşdirilib. |