çap et  
Yüksək vəzifəlilər üçün - qaz havayı?
Yüksək vəzifəlilər üçün - qaz havayı?
Buna etiraz edən "Azəriqazservis" əməkdaşları işlərini itiriblər
Şənbə, 28.08.2010

İ.Telmanoğlu

Dünən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) konfrans zalında "Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyinin sədri Vidadi İsgəndərov, "Azəriqazservis" MMC-nin keçmiş İsmayıllı rayon idarəsinin rəisi Vəfadar Sadıqov və sahə rəisi Xaspolad Ağayev mətbuat konfransı keçiriblər ("Turan").

Mətbuat konfransında İsmayıllı rayonunda yüksək vəzifəli məmurların himayə etdikləri obyektlərdə pulu ödənilmədən qazdan qanunsuz istifadə faktlarından danışılıb.

Sahə rəisi olmuş Xaspolad Ağayev bildirib ki, "Azəriqazservis"in İsmayıllı rayon idarəsi yüksək vəzifəli məmurların himayəsi altında olan "Elay" şadlıq sarayına, İsmayıllı - Bakı şosesindəki Baş Dövlət Yol Polisi İdarəsinin 715 saylı postuna, "Qələbə" çayxanasına, Regional Hidrometeorologiyanın yaşayış binasına, İsmayıllı şəhər İnzibati Ərazi Bölgüsü üzrə nümayəndəliyə, İsmayıllı Rayon Məhkəməsinin yeməkxanasına, Nihal mehmanxanasının yeməkxanasına, İsmayıllı 1 saylı özəl uşaq bağçasına, İsmayıllı uşaq musiqi məktəbinə, İsmayıllı rayon notariat kontoruna, "Şahbulaq" istirahət mərkəzinə qanunsuz qaz verilməsinin qarşısının alınması üçün müvafiq orqanlara, o cümlədən "Azəriqazservis"ə müraciət edib. Buna baxmayaraq, həmin binalar indi də qanunsuz olaraq qazla təmin edilir.

Bu il iyulun 1-də "Azəriqazservis"in yerli idarəsi ləğv edilib və idarənin 25 işçisinin hamısının İsmayıllı Qaz-İstismar İdarəsində müvafiq işlərlə təmin edilməsi barədə göstəriş verilib. "Qaz-İstismar İdarəsinin rəisi 21 nəfəri işlə təmin etdi. Amma yüksək vəzifəli məmurların himayəsi altında olan obyektlərdə qanunsuz qaz istifadəsi ilə bağlı "Azəriqazservis"ə məlumat yazanların ixtisara düşdüyünü bidirdi. Hazırda biz, 4 nəfər işsizik və işlə təmin edilməyənlərin 2-si YAP üzvüdür", - Vəfadar Sadıqov qeyd edib.

V.Sadıqov 4 nəfərin ixtisara salınmasının kadr islahatı ilə bir əlaqəsi olmadığını deyir. "İsmayıllı Qaz-İstismar İdarəsinin rəisi Şükrəm Əliyev yerli mütəxəssisləri ixtisara salır. Amma Tərtər rayonunun sakinini işə qəbul edir. Baş mühəndisin həyat yoldaşı iqtisadçı təyin edilir, bacanağı, bacısı oğlu və rəhbərliyin digər qohumları işlə təmin edilir. Rəisin kadr islahatı bunlardır", - o vurğulayıb.

Hüquq müdafiəçisi Vidadi İsgəndərov rayonda qaz istismarı sahəsində baş verən korrupsiya halları ilə bağlı milli təhlükəsizlik nazirinə, baş prokurora və digər səlahiyyətli orqanlara müraciət olunduğunu bildirdi:

"Söhbət ölkənin yüksək vəzifəli şəxslərinin qanunsuz obyektlərindən və qazdan qanunsuz istifadəsindən gedir"...