Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qafqazda hərbi balansın pozulma təhlükəsi
Qafqazda hərbi balansın pozulma təhlükəsi
Ermənistanın nəzarətindəki hərbi texnikanın sayı cinah sazişində nəzərdə tutulandan 3 dəfə çoxdur
Şənbə, 28.08.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovun Ermənistan və Rusiyanın avqustun 20-də imzaladığı hərbi əməkdaşlıq protokoluna münasibət açıqlayarkən İrəvanı Avropada Adi Silahlı Qüvvələrə dair Müqaviləni (cinah sazişi) pozmaqda ittiham etməsi həftənin ən müzakirə olunan məsələlərindən idi. Şöbə müdiri bildirmişdi ki, müvafiq cinah sazişinə əsasən, Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahların kvotası təyin olunub:

"Ermənistan Silahlı Qüvvələrinin kvotasına eyni zamanda Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır".

Cinah sazişinə dair qısa arayış

Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə (Treaty on Conventional Armed Forces in Eurore (CFE) iki hərbi-siyasi ittifaq - NATO və Varşava Müqaviləsi Təşkilatı arasında 1990-cı il noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Müqaviləni NATO-dan 16, Varşava Müqaviləsi Təşkilatından 6 ölkə imzalamışdı. Bu, iki hərbi blok arasında uzun sürən danışıqlardan sonra ortaya çıxan, Avropa qitəsində (müqavilə Atlantik okeanından Ural dağları məkanına qədər yerləşən dövlətlərin quru ərazisindəki adi silahların kvotasını tənzimləyir) adi silahların (tank, zirehli texnika, artilleriya qurğuları, hərbi təyyarə və helikopterlər) yerləşdirilməsini tənzimləyən mühüm sənəd idi. Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın (o nə NATO-nun, nə də Varşava blokunun üzvü idi) hazırda müstəqil olan ölkələri, həmçinin NATO-dan kənarda qalan digər Avropa ölkələri (məsələn, İsveç, Finlandiya) bu müqavilədə təmsil olunmurlar.

1990-cı ildə imzalanmış sənəd adi silahlanmanın sabit və təhlükəsiz balansını təyin etməyi nəzərdə tutur. Sənəd sabitliyə və təhlükəsizliyə xələl gətirən silahların, qəfil hücum və genişmiqyaslı hücum hərəkətlərinin başlanma potensialının ləğvini tələb edirdi. Bu məqsədlərə çatmaq üçün saziş tankların, zirehli döyüş maşınlarının, 100 mm-dən yuxarı olan artilleriya silahlarının, eləcə də zərbə təyyarələrinin və helikopterlərin sayını, demək olar, iki dəfə azaldırdı.

CFE çox faydalı idi. Çünki o, hərbi qarşıdurma səviyyəsini qəfil aşağı saldığından müharibənin alovlanma riskini azaldırdı. Saziş əsas etibarilə silahlanma kvotasının yerinə yetirilməsinə nəzarət üzrə konkret tədbirlər nəzərdə tuturdu. İştirakçı dövlətlərdən hər biri silahlanma səviyyəsi və hərbi texnikasının sayı üzrə il ərzində iki dəfə tərəfdaşlarına məlumat vermək öhdəliyi götürmüşdü. Əcnəbi hərbi nümayəndələr isə əsl vəziyyətin nədən ibarət olmasını yoxlamaq üçün bu və digər hissələrə baş çəkmək imkanına malik idilər.

Amma tezliklə Varşava Müqaviləsi Təşkilatı, ardınca isə SSRİ dağıldı. VMT-nin bir sıra dövlətləri NATO-ya daxil oldular və bununla da qitədəki silahlı qüvvələr balansında kəskin dəyişiklik baş verdi.

REKLAM

Ümumilikdə CFE-yə bağlı xeyli sənədlər mövcuddur. Bu müqavilələr arasında 1990-cı il Budapeşt, 1992-ci il Daşkənd sazişləri, 1996-cı il Vyana sənədi, 1996-cı il İstanbul müqaviləsi var. Bütün bu sənədlər əsas müqaviləni dəyişkən tarixi və geosiyasi vəziyyətə uyğunlaşdırırdı.

Rusiyanın narazılığı

1994-cü il Şimali Qafqazda rus ordusunun birinci Çeçen kampaniyası başlayan zaman Moskva bəyan etdi ki, Rusiya üçün CFE-də nəzərdə tutulmuş kvotalar azdır. Bildirək ki, CFE üzrə Rusiyanın kvotası 6350 tank, 11280 zirehli maşın, 7030 artilleriya qurğusu (diametri 100 mm-dən çox), 3416 hərbi təyyarə və 855 vertolyot təşkil edir, amma bu silahların sözügedən cinahlarda yerləşdirilməsi ilə bağlı məhdudiyyət öhdəliyi var.

Müqavilə iştirakçısı olan ölkələr kvotaların hərbi əməliyyatlar vaxtı artırılmasına razı oldular. İki ildən sonra Paris müqaviləsinə imza atanlar CFE-də köklü dəyişiklik etmək qərarına gəldilər. 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində iştirak edən bir sıra dövlətlərin liderləri hər bir ölkəyə ayrıca silahlanma kvotasının müəyyən olunması istiqamətində müəyyən dəyişikliklər edilməsi, onun müasir şəraitə uyğunlaşdırılması fikrinə gəldilər.

İstanbulda bir qədər dəyişdirilmiş sənədi 30 ölkə (o cümlədən Azərbaycan və Ermənistan) imzaladı. Onun qüvvəyə minməsi üçün bütün iştirakçı dövlətlər sənədi imzalamalı idilər. Lakin indiyədək yalnız dörd ölkə - Rusiya, Ukrayna, Belarus və Qazaxıstan bu sənədi ratifikasiya edib. CFE-nin digər iştirakçıları sənədi ratifikasiya etmədilər. NATO bildirdi ki, bu addımı alyans ölkələri yalnız Rusiya Gürcüstan və Moldovadakı silahlı qüvvələrini çıxardıqdan sonra atacaqlar.

Rusiya 2006-2007-ci illərdə Gürcüstan ərazisindəki hərbi birləşmələrini çıxarsa da, 2007-ci il iyulun 14-də o zamankı prezident Vladimir Putin "Rusiya Federasiyasının Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə və onunla bağlı beynəlxalq müqavilələrdəki fəaliyyətinin dayandırılması" barədə sərəncam imzaladı. Bunun ardınca - 2008-ci ilin avqustunda Gürcüstanın iki separat ərazisinə hərbi qulluqçularını və bazalarını yerləşdirdi. Qərb düşüncə mərkəzləri Rusiyanın bu hərəkətini məcazi olaraq CFE-nin "tabutuna sonuncu mismarın vurulması" kimi şərh edirdilər. Təsadüfi deyil ki, müqavilənin birtərəfli dayandırılmasından sonra Rusiyanın bütün Qafqazda istədiyi qədər silah-sursata malik olmasına "yaşıl işıq" yandırıldı. Rusiya 2009-cu ildən etibarən Qafqaz üzrə hərbi birləşmələrinin yenidən qurulması işinə başladı və orduya məxsus silah-sursatın və hərbi texnikanın əhəmiyyətli hissəsi bu istiqamətə köçürüldü.

Moldovadakı keçmiş SSRİ-nin 14-cü ordusunun hissələrinə gəldikdə, Rusiya onları çıxarmaqdan hələlik imtina edir.

Azərbaycan nə istəyir?

ATƏT-in 1999-cu ildəki İstanbul sammitində iştirak edən Azərbaycanın mövqeyi əslində Rusiya ilə eyni idi. Rəsmi Bakı da hər bir ölkəyə ayrıca silahlanma kvotasının müəyyən olunması istiqamətində bəzi dəyişikliklər edilməsi, onun müasir şəraitə uyğunlaşdırılması təklifini dəstəkləyirdi. Azərbaycanı narahat edən digər məsələ isə işğal olunmuş ərazilərdə çoxsaylı silah və hərbi texnikanın yerləşdirilməsi idi. Bakı bunların qanunsuz və CFE-dən kənar olduğunu bəyan edirdi və indi də bu fikirdədir. Ötən müddətdə beynəlxalq təşkilatlar, o cümlədən CFE-nin hamisi olan ATƏT rəsmi Bakının arqumentlərinə zidd olacaq hər hansı ifadə səsləndirməyib.

Rusiyanın 2007-ci il iyul ayındakı davranışından sonra Bakıda da bu sazişdən çıxma zamanının yetişdiyi barədə fikirlər səslənməyə başlamışdı. Səbəblər sadə idi. 5 növ ağır hərbi texnika üzrə limitləri müəyyən edən sənədin Cənubi Qafqaz ölkələrinə ayrı-ayrılıqda 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri saxlamaq kvotası verməsi rəsmi Bakını razı salmırdı. Çünki Azərbaycan həm ərazi, həm də əhali baxımından Ermənistan və Gürcüstandan üstündür və onun təhlükəsizlik qayğıları da çoxdur, əraziləri işğal olunub. Elə 2007-ci ildən rəsmi Bakının bu məsələ ilə bağlı CFE üzrə tərəfdaşları qarşısında məsələ qaldıracağı və sənəddə Yerevanla Bakıya aid nəzərdə tutulan kvotaların dəyişdirilməsini tələb edəcəyi bildirilirdi.

Üstündən 3 il keçəndən sonra bu məsələ yenidən gündəmə qayıdıb. Amma bu dəfə Cənubi Qafqazda hərbi-siyasi vəziyyət 3 il bundan öncəkindən fərqlidir. Birincisi, Rusiya Gürcüstanın iki separatçı ərazisində baza yerləşdirib, ikincisi isə Ermənistanla məlum hərbi əməkdaşlıq sənədi imzalayıb. Necə deyərlər, 3 il bundan əvvəllə müqayisədə Rusiyanın Cənubi Qafqaza hərbi-siyasi təsiri hiss ediləcək dərəcədə artıb, regiondakı hərbi birləşmələrinin, silah və hərbi texnikasının sayı CFE üzrə nəzərdə tutulmuş limiti aşıb.

Belə bir məqamda Əli Həsənovun bəyanatları maraq doğurur və Azərbaycan - Rusiya əməkdaşlığının hazırkı gedişi nəzərə alınsa, bu bəyanatların heç də Rusiyaya qarşı yönəlmədiyi bəllidir, səbəbkar Rusiya olsa belə. Hətta 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılan silah-sursatın əhəmiyyətli hissəsinin Ermənistan ərazisində yerləşdirilməsi belə Bakını kəskin addımlar atmağa, CFE üzrə tərəfdaşlarını "ayağa qalxmağa" vadar etmədi.

Nə gözləmək olar?

Müşahidələr göstərir ki, CFE üzrə təkmilləşdirmələr Azərbaycan üçün hərbi-siyasi baxımdan geniş imkanlar açır. Ən azı ona görə ki, bu məsələ, yəni sənəddə hər bir dövlətə fərqli münasibətin təsbit olunması Azərbaycanın geniş şəkildə silahlanması üçün rəsmi əsaslar yarada bilər. Rusiya üçün də bu vacibdir, çünki hazırda bu ölkənin Qafqaz üzrə silahlı birləşmələrinin istifadəsində olan hərbi texnikanın sayı CFE-də nəzərdə tutulan göstəricini bir neçə dəfə üstələyir.

Məsələnin qeyd olunan şəkildə qaldırılması bir daha ATƏT-in və digər beynəlxalq təşkilatların diqqətini münaqişə bölgəsinə yönəltmək məqsədi güdür. Bəllidir ki, bu ilin payızında NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması gözlənilir. Nəzərə alınmalıdır ki, CFE prosesində aktiv iştirak edən strukturlardan biri məhz NATO-dur. Təsadüfi deyil ki, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons CFE üzrə illik olaraq Vyanada keçirilən konfransın daimi iştirakçısına çevrilib və o tez-tez təmsil etdiyi regionda silah və hərbi texnikanın vəziyyəti ilə bağlı hesabatlar verir. 2008-ci ildə Bakıda səfərdə olan Simmons ermənilərin silahlanma limitini aşması barədə suala cavab verərkən bildirmişdi ki, təmsil etdiyi qurum silahlanma limitinin aşılması faktları ilə bağlı daim məsələ qaldırır. "Hər il biz Vyanadan bütün dövlətlərin silahlanması ilə bağlı məlumatlar alırıq" deyən Simmons bildirmişdi ki, münaqişə bölgəsində kütləvi silahlanma məsələsinin Vyanada ATƏT-in eqidası altında aparılan müzakirələrdə həlli yaxşı olardı. Mümkündür ki, Azərbaycanın hazırkı niyyəti məhz NATO PA-nın qarşıdakı toplantısına hazırlıq planının tərkib hissəsidir, ya da ola bilər ki, bu məsələ növbəti Vyana müzakirələrinə çıxarılsın.

Bütün bu proseslər Ermənistana sərf etmir. Çünki onun ərazisindəki hərbi texnikanın sayı CFE üzrə nəzərdə tutulan saydan orta hesabla 3 dəfə çoxdur və belə bir vəziyyətdə Yerevanın təzyiqlərə məruz qalacağı istisna deyil. Amma düşündürücü məsələ odur ki, Ermənistanın bu vəziyyətə düşməsində həm də Rusiya günahkardır. Açıq hərbi mənbələrin verdiyi məlumatlara görə, bu gün Ermənistanın nəzarətində olan (Ermənistan ərazisində, işğal olunmuş Azərbaycan ərazilərində və avqustun 20-də imzalanmış müqavilədən sonra ətrafında yeni vəziyyət yaranan 102 saylı hərbi baza) ərazilərdə tankların sayı 570 (CFE-də 220), zirehli texnika - 1050 (220), artilleriya və raket qurğuları - 680 (285), təyyarə - 59 (100), vertolyot - 46 (50) ədəddir. Beləliklə, təyyarə və vertolyotları çıxmaq şərtilə (bu məsələ özü də mübahisəlidir) Ermənistan tank, zirehli texnika və artilleriya sayında CFE-nin göstəricilərini bir neçə dəfə keçir.

Belə bir vəziyyətdə Azərbaycanın istədikləri təsdiqlənsə, Ermənistan ərazisindəki, eyni zamanda işğal olunmuş Azərbaycan ərazilərində hərbi texnikanın sayı azaldılmalı olacaq. Görəsən, CFE-də Azərbaycanın da maraqlarına uyğun dəyişikliklər arzulayan Rusiya cənub forpostunu çətin durumdan necə xilas edəcək?


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Tarkan rus dilini öyrənməyə söz verib

Bölmənin digər xəbərləri
 
Doğrudur, ölkəmizin turizm potensialı var
Amma müalicə olunanlar - Rusiyanı, dincəlmək istəyənlər - Türkiyəni seçir

Əmək Məcəlləsində inqilabi dəyişikliyə lüzum yox
Fəqət ona 120-yə yaxın əlavə və dəyişiklik gündəmdədir

"Kür" qərargahı ilkin hesabatı açıqladı
Daşqının vurduğu ziyanın alternativ hesabı aparılır

Yüksək vəzifəlilər üçün - qaz havayı?
Buna etiraz edən "Azəriqazservis" əməkdaşları işlərini itiriblər

İçdiyimiz suda xlor normadan yüksək imiş
Vətəndaşların səhhəti üçün problemlər yaranır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər