çap et  
Doğrudur, ölkəmizin turizm potensialı var
Doğrudur, ölkəmizin turizm potensialı var
Amma müalicə olunanlar - Rusiyanı, dincəlmək istəyənlər - Türkiyəni seçir
Şənbə, 28.08.2010

Aynurə

Turizm dünyada perspektivinə görə qeyri-neft sahələri arasında aparıcı mövqedə dayanır və dünya miqyasında sürətlə inkişaf edən biznes sahəsidir. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2008-ci ildə dünyda turizmin inkişafı üzrə Avropa və Asiya regionlarında - 3 faiz azalma, Amerikada + 1, Afrikada + 4 və Orta Şərqdə + 5 faiz artım müşahidə olunub. Dünyada 2005-ci ildə 805, 2008-ci ildə 924 və 2009-cu ildə isə 852 milyard dollarlıq gəlir əldə edilib.

Bəs Azərbaycanda?

Bizim region turizm bazarında dinamik inkişafa meyilli olsa da, hələlik oturuşmuş bazar deyildir. Baxmayaraq ki, potensial mövcuddur. Belə ki, Azərbaycanda 7000-dək mühafizə olunan yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə, mədəniyyət və cəlbedici təbiət vardır. 11 iqlim qurşağından 8-i Azərbaycandadır. Deməli, ölkədə turizmi inkişaf etdirmək olar. Bura ölkənin şərqlə qərbin qovşağında olmasını, 3 böyük dinin bu coğrafiyada yaşamasını, yüksək tolerantlığı və qonaqpərvərlik mədəniyyətini də əlavə etsək...

Bu fikirlərin arxasında ATİB-in maliyyə dəstəyi ilə hazırlanan "Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri" hesabatı dayanır. Sənəd hələ ictimaiyyətə təqdim edilməsə də, Turizm İnstitutu tədqiqatlar mərkəzinin rəhbəri Eldar Aslanov sənəddə maraq doğuran elementlər haqqında "Ayna"ya danışdı.

Müsahibim deyir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının işlənilməsində və realizə edilməsində əsasən neft amilinə əsaslanmaq başa düşüləndir. Bu strategiyanın mühüm tərkib hissələrindən biri ölkəyə daxil olan neft gəlirlərindən səmərəli istifadəyə və dayanıqlı inkişafa nail olmaqdır. Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən biri kimi turizm sektoru əhəmiyyət kəsb edir:

"Hökumətin sosial infrastruktura son illərdəki diqqətinin arxasında həm də turizmə münbit mühit yaratmaq məqsədi durur. Doğrudur, turizmi inkişaf etdirmək üçün Azərbaycanın yaxşı potensialı var. Amma bu potensialı imkana çevirmək və inkişaf etdirmək üçün hökumət müvafiq infrastruktur işlərini görməklə, rəqabət qabiliyyətli turizm biznesinin yaranmasını təmin etməlidir".

1999-cu ildə "Turizm haqqında" qanunun qəbulu ilə bu sahədə dövlət siyasətinin əsas prioritetləri və hədəfləri müəyyən olunub. Daha sonra turizm siyasətinin mühüm sənədlərindən olan Azərbaycanda turizmin inkişafına dair birinci (2002-2005-ci illər üçün) və ikinci (2010-2014) dövlət proqramları qəbul olunub.

Tədqiqat işində zonalar üzrə investisiya cəlbediciliyi deyil, daha çox ölkə üzrə turizm sektorunun cəlbediciliyi məsələsi araşdırılıb. Məlum olub ki, ölkəmizdə dünyada mövcud olan turizm növlərinin və əlaqədar sahələrin əksəriyyətinin inkişafı üçün potensial mövcuddur. Ən əsası - onların investisiya cəlbediciliyi var.

Turizmdə rəqiblərimiz

Tədqiqatçının söylədiklərindən məlum oldu ki, Azərbaycan turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri təşkil edir. Mövcud vəziyyətin təhlili göstərir ki, turizm xidmətlərindən istifadə etmək arzusunda olan orta gəlirli Azərbaycan vətəndaşları əsasən müalicəvi turizm xidmətlərindən yararlanmaq üçün Rusiya, istirahət və əyləncə üçün isə Türkiyə turizm bazarını seçirlər.

Digər alternativlər də mövcuddur. Buraya Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İranı aid etmək olar. E.Aslanov deyir:

"Belə bir şəraitdə Azərbaycanın kütləvi turist cəlb etməsi üçün bir tərəfdən daxili turistləri, digər tərəfdən Rusiya və digər şimal ölkələrinin - əsasən MDB dövlətləri vətəndaşlarının potensial bazar seqmenti qismində nəzərdə tutulması arzu olunandır. Burada xüsusilə etnik azərbaycanlıların turist qismində ölkəyə cəlb edilməsi kimi məqsəd xüsusi vurğulanmalıdır. Belə rəqabət mənzərəsində uğurlu nəticələrin əldə olunması üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac duyulmaqdadır. Bu gün turistlər səfər etdikləri ölkələrdə əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər və s. bu kimi amillərə diqqət verirlər. Bu amillərdən birinin olmaması nəticə etibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına mane olur".

Təhlildən məlum olub ki, ölkədə turizm müəssisələrinin sayı artsa da, onların təklif etdikləri turizm məhsullarının çeşidi dünya standartlarından geri qalmaqdadır. Azərbaycanda turizm sənayesi dinamik bir sektor olmaqla, ölkə iqtisadiyyatına verdiyi çox önəmli töhfələrlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əhəmiyyətli funksiyalarını yerinə yetirməkdədir. Azərbaycanın turizm sektoru lazımi resurslara sahib olmasına və ölkənin bu regionda rəqabət üstünlüyünə baxmayaraq, əldə edilən xarici turizm gəliri yetərli səviyyədə deyil. Hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdıra bilmir.

Ümumiyyətlə, turizm sektorunun iqtisadiyyatın digər sahələrinə təsiri yüksəkdir. Bu təsir özünü xüsusilə də yeni iş yeri yaratmaqda, məşğulluğu təmin etməkdə effekt verir. Lakin Azərbaycanda bu təsir heç də ölkənin malik olduğu resurslarla müqayisədə arzuolunan səviyyədə deyildir.

E.Aslanov nikbindir: "Lakin ölkədə son dövrlərdə turizm sektorunda müşahidə edilən müsbət meyillər gələcəkdə bu sektorun potensial imkanlarının artmasını, iqtisadiyyatın öncül sahələrindən birinə çevrilməsini şərtləndirə bilər".