"Təhsil haqqında" qanuna görə məktəbə gedəcək uşaqların 5 yaşından bağçalara göndərilməsi məsələsi ilə uşaq bağçalarında sıxlıq yaranacaq. Ancaq bir şey də var ki, qanunda yazılmasına baxmayaraq, biz həmin məsələni nə bir, nə də beş ilə həyata keçirmək iqtidarında deyilik".
Bu etiraf-açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verərək bildirib ki, bütün uşaqların 5 yaşından məktəbəqədər tərbiyə müəssisələrinə getməsi üçün çoxlu sayda yeni uşaq bağçaları tikilməli, məcburi köçkünlər mövcud bağçalardan çıxarılmalı, həmin binalar əsaslı təmir olunmalıdır: "Bunun üçün ümumilikdə xeyli iş görülməlidir".
Yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələrindəki işlər barədə məlumat verən nazir deyib ki, Azərbaycanda yeni tədris ilinə hazırlıqla bağlı məsələlər sentyabrın 10-dək öz həllini tapacaq. Nazir qeyd edib ki, yeni tikilən, əsaslı və ya cari təmir olunan, avadanlıqlarla təmin olunan, İKT avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulan bütün təhsil müəssisələrində işlər sentyabrın 15-dək yekunlaşacaq.
Təhsil naziri ayrıca vurğulayıb ki, su basmış ərazilərdə uçmuş, dağılmış və yararsız vəziyyətə düşmüş orta məktəblərin taleyi ilə digər əlaqədar qurumlar məşğul olur: "Yeni tədris ilinin başlanğıcına qədər həmin məktəblərin şagirdlərinin harada təhsil alacaqları dəqiqləşəcək".
Dünəndən etibarən müəllimlərin işə qəbulu proseduruna başlandığını xatırladan M.Mərdanov qeyd edib ki, artıq bununla bağlı "Azərbaycan müəllimi" qəzetində müvafiq elan dərc olunub. Həm Bakı şəhəri, həm də ölkənin bölgələrindəki təhsil müəssisələrinə bu il işə qəbul zamanı insan amili olmayacaq: "Həm sənədlərin qəbulu, həm də test imtahanlarının keçirilməsi elektron vasitələrlə həyata keçiriləcək. Bu, bizim fəaliyyətimizdə ən uğurlu addımlardan biridir".
|