Təhsil naziri Misir Mərdanov deyib ki, Azərbaycan prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. O qeyd edib ki, Dövlət Proqramının şərtlərinə əsasən, bu tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənir:
"Dövlət Proqramının icrasına başlanandan indiyədək 512 nəfər gənc təhsil almaq üçün müxtəlif ali məktəblərə göndərilib. Bu il isə təqribən 200 nəfər tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur".
M.Mərdanov deyib ki, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrdən 32 nəfəri artıq məzun olub:
"Onlar Azərbaycana dönüb və 29 nəfəri işlə təmin olunub. Özü də əksəriyyəti dövlət qurumlarında çalışır. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində 447 nəfər təhsil alır. Bu tələbələrin 209 nəfəri bakalavr, 166 nəfəri magistratura, 43 nəfəri rezidentura, (ordinatura, internatura), 17 nəfəri doktorantura, 12 nəfəri aspirantura səviyyələri üzrə təhsil alır".
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov gəncləri təhsil almaqla yanaşı, Azərbaycanın diaspor təşkilatları ilə sıx əməkdaşlıq etməyə çağırıb.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə gənclərə valideynlərinə və Vətənə layiqli övlad olmağı arzulayıb.
Tədbirdə Azərbaycan Diplomat Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış edərək gənclərə tövsiyələrini veriblər.
Sonda tədbirin təşkilatçıları tələbələrin və jurnalistlərin suallarını cavablandırıblar. Belə ki, jurnalistika ixtisası üzrə də qabiliyyət imtahanının verilməsiylə bağlı sualı cavablandıran təhsil naziri bunun mümkünlüyünü bildirib:
"Düşünürəm ki, əgər başqa ixtisaslarda qabiliyyət imtahanı verilirsə, jurnalistika ixtisası üzrə də analoji imtahan ola bilər, niyə də olmasın? Jurnalistika fakültəsinə qabiliyyət imtahanı nəzərdə tutulsa, daha yaxşı olar".
Nazir jurnalistikanın və müəllimliyin spesifik peşə olduğunu, bu ixtisaslar üzrə analoji imtahanların nəzərdə tutula biləcəyini deyib:
"Mən deyərdim ki, qabiliyyət imtahanı müəllimlik üçün də lazımdır. Axı hər insanı sinfə buraxmaq olmaz. Gərək o, məsələn, psixoloji testlərdən keçsin, zahiri görünüşü nəzərə alınsın və s. Ümumilikdə bütün peşələrlə bağlı insanın həmin peşəyə yararlı olub-olmaması barədə əvvəlcədən rəy verilməlidir".
|