çap et  
Daxili Qoşunlar üçün yeni hərbi hissə
Daxili Qoşunlar üçün yeni hərbi hissə
Onlar üçün yaşayış kompleksi də tikiləcək
Şənbə, 21.08.2010


Bu gün Qazax rayonunda Azərbaycan DİN Daxili Qoşunlarının yeni hərbi hissəsinin açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların inkişaf etdiyini ayrıca vurğulayıb. Nazir Qazax kimi həssas regionda belə bir hərbi hissənin yaradılmasının vacib olduğunu söyləmişdir.

Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov hərbi hissədə yaradılmış şərait barədə məlumat verib. Zakir Həsənov bildirib ki, hərbi hissə 1 il ərzində inşa olunub. Kompleksə 2 mərtəbəli qərargah binası, nəzarət buraxılış məntəqəsi, sıra meydanı, qazanxana binası və s. daxildir. Komandan sözlərinə əlavə edib ki, binalar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub, su təchizatı üçün artezian quyusu qazılıb və yeraltı su anbarı yaradılıb. Yaxın gələcəkdə hərbi qulluqçuların ailələri üçün yaşayış kompleksi də tikiləcəkdir.