çap et  
Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Polis və İH: İntiqam Əliyev görüşdə iştirak etməsin!
Şənbə, 21.08.2010


Avqustun 19-da Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Azərbaycan Şəbəkəsinin Gəncədə hüquq müdafiəçiləri ilə tam tərkibdə görüşünə imkan verilməyib. Şəhər icra hakimiyyəti şəbəkənin koordinatoru, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin bu görüşə qatılmasını əngəlləyib. Bu barədə şəbəkənin yaydığı məlumatda bildirilir.

Həmin məlumata görə, görüşün keçirildiyi iaşə müəssisəsinin rəhbərliyi şəbəkə üzvlərinə İntiqam Əliyev qatılacağı təqdirdə görüşün keçirilməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq ediblər. Müəssisə rəhbərliyi bunu Gəncə şəhər İcra Hakimiyyətinin və polisin basqısı ilə izah edib. Bu səbəbdən şəbəkə üzvləri görüşü İntiqam Əliyevin iştirakı olmadan keçirməyə qərar veriblər.

Beləliklə, hüquq müdafiəçilərinin görüşü D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti, İnsan Hüquqları Mərkəzi, Sülh və Demokratiya İnstitutunun və Tələbələrin Beynəlxalq Əməkdaşlığı təşkilatları nümayəndələrinin iştirakı ilə, polis əməkdaşlarının müşayiəti altında baş tutub. Qeyd edək ki, hüquq müdafiəçilərinin eyni məzmunlu görüşü avqustun 6-da Sumqayıt, avqustun 18-də isə Mingəçevir şəhərində keçirilmişdi və yerli qurumlar tədbirə maneçilik törətməyiblər.

Məlumatda avqustun 17-də Hüquq Maarifçiliyi Cəmiyyətinin ATƏT-in Bakı ofisinin dəstəyi ilə Gəncə şəhərində seçki mövzusunda keçirmək istədiyi tədbirə imkan verilmədiyi vurğulanır. Tədbirin keçiriləcəyi müəssisənin rəhbəri öncədən polis idarəsinə çağırılaraq xəbərdarlıq edildiyindən təşkilatçılar həmin təlimi yerli QHT-lərin kiçik zalında keçirməli olublar.

Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Azərbaycan Şəbəkəsi (httr://www.caucasusnetwork.org) Cənubi Qafqazda 30, Azərbaycanda isə 10 vətəndaş cəmiyyəti qurumunu birləşdirir. Şəbəkənin məqsədi mərkəzdə və bölgələrdə hüquq müdafiəçilərinin birgə toplantılarını keçirmək, insan hüquqlarının durumu, problemlərdən çıxış yolları ətrafında müzakirələr açmaq, vətəndaş cəmiyyəti qurumlarının xidmətləri barədə bilgilər yaymaq və s.-dir. Şəbəkə bu günədək bir neçə bölgədə hüquq müdafiəçilərinin görüşünü keçirib.